Bakıda evlərdən antik əşyalar və qızıl oğurlanıb

post-img

Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər. Məlumatı DİN mətbuat xidməti verib. 

Səbail RPİ 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.
T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əllərinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. 

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində 2 evdən ümumilikdə 15.000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Əzizov müəyyən olunaraq saxlanılıb.

Bu faktla bağlı da araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat