Üçüncü “YAŞAT” idman düşərgəsi başa çatıb

post-img

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilən 3-cü “YAŞAT” idman düşərgəsi başa çatıb.

Dörd gün ərzində davam edən düşərgə Abşeron Olimpiya İdman Kompleksində həyata keçirilib.

Layihədə cənub bölgəsində - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Astara, Lerik, Yardımlıda yaşayan 6-12 yaş aralığındakı 30-a yaxın şəhid övladı iştirak edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Düşərgənin üçüncü günü iştirakçılar Dənizkənarı Milli Park ərazisində yerləşən qədim dənizçilik ənənələrinə malik “Suraxanı” gəmi-muzeyini ziyarət edib, ekspozisiyalar haqqında məlumatlandırılıblar. Nahar tədbirindən sonra onlar müxtəlif növ canlıların qorunduğu Bakı Zooloji Parkında maraqlı vaxt keçirib, Azərbaycanın nadir faunası haqqında məlumat əldə ediblər. Ardınca atçılıq mərkəzinə ekskursiya təşkil olunub. Uşaqlar nadir at cinsləri ilə tanış olub, at sürüb və göldə qayıqla gəzintiyə qatılıblar. Şəhidimiz Elvin Əzizovun övladı Ayxanın doğum günü qeyd olunub.

Gün gimnastika, boks və cüdo idman növləri üzrə ustad dərsləri ilə davam edib. Ardınca təşkil olunan kino saatında da uşaqların əyləncəsi təmin olunub.

Layihənin məqsədi region gənclərinin Bakı şəhəri ilə tanışlığı, onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkilidir.







Sosial həyat