Azərbaycanda ilk sosial televiziya nümunəsi olan “ DOST TV” internet televiziyası fəaliyyətə başlaması çox əlamətdar hadisədir. Biz ilk canlı yayımda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin geniş müsahibəsi və eyni zamanda, vətəndaşların suallarına cavabı ilə tanış olduq. Çox yaxşı bir nümunə oldu. Davamlı olaraq bütün idarə rəhbərləri eyni qaydada vətəndaşların suallarını cavablandıracaq.
XQ xəbər verir ki, bu fikirləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib.
O qeyd edib ki, sosial sahə elə bir sahədir ki, hər birimizin bu sahəyə hər hansı bir formada əlaqəsi olur. Deməli, DOST TV-nin hər birimizin sevimli TV-si olacağına əminik. Bu minvalla DOST TV-də izləyicilərə sosial yeniliklər, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatlar çatdırılacaq. Hər bir vətəndaş öz sosial hüquqlarını və imtiyazlarını bilmək üçün ilk növbədə dolğun məlumata malik olmalıdır. Bu dolğun məlumatı da DOST TV verəcək.
Z.Nuriyeva əlavə edib ki, sosial sahə həm də həssas əhali kateqoriyasını əhatə edir. Bu TV həm də inklüziv cəmiyyətin inkişafına dəstək olacaq. Əlilliyi olan şəxslərin uğur hekayələri, Azərbaycan əsgərinin qəhrəmanlıqları bu kanal vasitəsi ilə təbliğ olunacaq.
Anar ƏLİ,
XQ