Bəs bu mövzu kinomuza niyə az gəlir?
Srağagün, 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə telekanalların birində növbəti dəfə “Dolu” bədii filmi verilirdi. Baxa-baxa təəssüflə düşündüm ki, bu mövzulu ekran işləri az olduğuna görə, hər dəfə eyni lentlər nümayiş etdirilir. Bəs, ideoloji təbliğatda kinonun şüurlara daha tez nüfuz edən vasitə olduğuna nəyə görə lazımi önəm vermirik?
Ermənilərin zaman-zaman başımıza gətirdikləri müsibətlərin ekran təcəssümünü onların “genosid” və Qarabağ mövzusunda çəkib dünyaya yaydığı filmlərlə üzəvari müqayisədən də məlum olur ki, qarşı tərəfdən xeyli dərəcədə geridə qalırıq.
Yuxarıda adını çəkdiyimiz “Dolu”, eləcə də “Yaddaş”, “Fəryad”, “Dönüş”, “Zirzəmi”, “Yalan”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Canavar balası”, “Xoca”, “Yarımçıq xatirələr”, “Sonsuz dəhliz”, “13” və sair adlı filmlər Azərbaycan rejissorlarının ekranlaşdırdığı “barıt qoxulu” kinolentlərdir. Say azdır, sanbal da ki, heç də bütün filmlərdə istənilən kimi deyil. Qısametrajlı və ya sənədli filmlər var, amma tammetrajlı filmlər yox dərəcəsindədir. Həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə bu mövzuda acı həqiqətləri dünyaya çatdırmaq səylərimizi daha da artırmalıyıq.
Ermənistana gəlincə isə, tarixi təhrif etməkdə, yalanlar uydurmaqda usta olan işğalçı ölkədə istər qondarma 1915-ci il soyqırımı, istərsə də Qarabağ savaşı mövzusunda çox sayda filmlər üzə çıxır.
Kinoşünas Sevda Sultanova qarşı tərəfin kino sənayesindəki üstünlüyünün səbəbləri ilə bağlı yazır: “2006-cı ildə yaradılmış Ermənistan Milli Kino Mərkəzi qeyri-kommersiya hökumət təşkilatıdır, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin tərkibində fəaliyyət göstərir. Qurumun məqsədi, dövlətin kino sahəsində siyasətinin reallaşması, yerli kinematoqrafçılara maliyyə dəstəyi, milli kino mirasının təbliği və erməni filmlərinin beynəlxalq festival və kinobazarlarda təqdimatıdır. Milli Kino Mərkəzi kinoprodüserlər üçün təlim-təhsil proqramları tədris edir, gənc rejissorlar üçün müxtəlif layihələr həyata keçirir. Məsələn, mərkəz təzəlikcə Fransanın CNC (Centre National du Cinéma et de l’Image Animée) qurumu və Cité Internationale des Arts fondu ilə əməkdaşlıq çərçivəsində rejissorlar üçün qrant müsabiqəsi elan edib. Müştərək istehsalatı çoxaltmaq məqsədilə Kann, Berlin, Venesiya və digər nüfuzlu kino festivallarının kino bazarına müntəzəm qatılan mərkəz, Qərb kinoistehsalçılarına layihələrini tanıdır və tərəfdaşlar axtarır.
Film layihələrini dəyərləndirən ekspert komissiyasına təcrübəsi olan kinoprodüserlər, rejissorlar, ssenaristlər, operatorlar, film redaktorları, kinotənqidçilər üzv olurlar. Bir qayda olaraq, beynəlxalq kinofestivallarda iştirak etmiş, festivalların münsiflər heyətində yer almış, beynəlxalq mükafatlar qazanmış, istehsalat təcübəsinə malik, kino sahəsi ilə bağlı analitik məqalələr yazmış şəxslərə üstünlük verilir. Bundan başqa, ekspert komssiyasının üzvü ilə qohumluq əlaqəsi olan hər hansı şəxs müsabiqəyə qatıla bilməz”. Əlbəttə, vacib şərtlərdir.
Ermənistanda kinoya dəstək verən digər qurum “Hayk” sənədli film kinostudiyasıdır. Hökumətin qərarı ilə studiya ötən il Ermənistan Milli Kino Mərkəzilə birləşib. Əgər Milli Kino Mərkəzi müxtəlif janrlı filmləri dəstəkləyirsə, “Hayk” studiyası, sənədli kinoya maliyyə yardımı göstərir. Bizimkilərdən fərqli olaraq, erməni diasporu da öz milli kinosuna dəstək verir, filmlərin istehsalında yaxından iştirak edir. Ümumerməni fondu “Ayastan” filmlərin bərpasında, təbliğində xüsusi fəallıq göstərir.
Ermənistan Milli Kino Mərkəzi 8 ildir ki, mərkəzi ofisi Strasburqda yerləşən, bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi verən, filmlərin müştərək istehsalını, prokatını təşkil edən, yayımına yardım göstərən “Eurimages” qurumunun üzvüdür. Bu üzvlük sayəsində ölkə, Avropa kino istehsalı şəbəkəsinə qoşulub, müştərək filmlərinin sayını artıraraq, dünya kino bazarına daha geniş daxil olmaq imkanı qazanıb.
İşğalçı ölkədə dövlət dəstəyi görən filmlərdə ideoloji məzmunlu milli mövzular üstünlük təşkil edir. Gəlin, Sevda Sultanovanın təqdimatında onların 109 ildən bəri uydurduqları “genosid”lə, eləcə də 30 il işğalda saxladıqları Qarabağın ermənilərin tarixi torpağı olması iddiasına bağlı olan, həm də çoxu beynəlxalq festivallarda nümayiş olunub və mükafatlara layiq görülən filmlərin qısa siyahısına nəzər salaq.
Erməni tarixi və 1915-ci il hadisələri: “Qurtuluş xəritəsi”, “Bir çılğının hekayəsi” (Süjet xətti bir erməni terrorçusunun 1980-ci illərdə türk diplomatın qətlindən və bu qətlin 1915-ci il hadisələrindən qaynaqlandığından bəhs edir), “Arximandritin susması”, “Zəng”, “Uzun gecə”, “Solomonun mahnıları”, “Amerikalı”, “Gizli xəritə”, “İnqilab”, “Avroranın doğuşu”, “Amerikalı xoşməramlılar”, “Tonratun, erməni tarixi qadınların dili ilə”, “Tezeta”, “Mərhəmətin qızıl zənciri” və sair.
Bunlar isə son 10-15 ildə düşmənin Qarabağda işğalçılıq siyasətinə haqq qazandıran filmlərdir: “Müharibə və sülh dövründə insan hekayələri”, “Sərhəd”, “Əgər hamı”, “Yarıda qalmış uşaqlıq” və “Тevanik”, “Xətt”, “Son sakin”, “Yeva” (İranın məşhur “Farabi” kino fondu tərəfindən çəkilib), “Cənnət qapısı”, “Mənim yüküm”, “Blokada”, “Külək sakitləşərsə”, “Müharibənin üzləri”, “Suren”, “Olub, olmayıb”, “Luka” və s.
Ötən il çəkilmiş, birgə istehsal olan “Luka” öz vətənini işğaldan qoruyan snayper haqdadır. 2020-ci il istehsalı olan “Blokada” filminin süjetinə əsasən, Birinci Qarabağ müharibəsindən sonra Tovuz rayonu ilə sərhəddə yerləşən Çinari kəndində, guya, bizim milli ordumuz 20 dinc sakini qətlə yetirib. “Suren” filminin ötən il Rusiyada premyerası baş tutub. Süjetə görə, hadisələr 2020-ci ilin noyabrında Qarabağda baş verir. Rus hərbçisi 44 günlük müharibə zamanı Qarabağda yaşayan ermənilərin çıxarılması tapşırığını alır. Suren adlı erməni kənddən çıxmaq istəmir. Telefonla çəkilmiş “1489” sənədli filmində işğalçı əsgərin hekayəsi dünyaya “əzabkeş xalqın faciəsi” kimi təqdim edilir. 44 günlük müharibə haqda olan, Azərbaycana qarşı kadrların yer aldığı “Görünməyən respublika” filmi isə Amerika və Böyük Britaniyada prokata buraxılıb.
Yeri gəlmişkən, sadalanan erməni filmlərinin bir çoxu xarici ölkələrlə, o cümlədən, Fransa, Belçika, Rusiya, Litva, İsveç, Livan, Amerika, Almaniya, Bolqarıstan, Yunanıstan,Çexiya, İtaliya, Niderland ilə birgə çəkilib. Erməni kinosunun nüfuzlu kinofestivallarda iştirakı 74 faizə çatıb, təkcə 2023-cü ildə 10 erməni filmi 28 mükafat qazanıb. Bir film isə Oskarın qısa siyahısına düşüb. Hətta millətçi Qaregin Njde haqqında filmdə “əli” olan millətçi rejissor Ruben Qevorkyansın “Adalar” filmi İDFA sənədli kinofestivalının qalibi olub.
Ümid etmək istərdik ki, tezliklə Azərbaycanda da soyqırımı, Qarabağ mövzularına münasibət dəyişəcək və xeyli sanballı tarixi filmlər ortaya qoyulacaq. “Azərbaycanfilm” kinostudiyası ildə ən azı bir sanballı film çəkə bilər. Xüsusən də, paralel qurumlar olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) rəsmi surətdə birləşəndən, Azərbaycan Kino Agentliyinin rəhbərliyi gücləndiriləndən sonra bunu ummağa haqqımız var.
Əli NƏCƏFXANLI
XQ