Naxçıvan
Novruz bayramı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında yaşayan aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan 1200 ailəyə 6 avtomobil karvanı ilə ərzaq bağlamalarından ibarət yardım çatdırıb.
AHİK sədri Səttar Möhbalıyev “Naxçıvan qaziləri” İctimai Birliyində keçirilən görüşdə Vətənə Zəfər qazandıran igid oğulları el bayramı münasibətilə təbrik edib, onların çətinlik və ehtiyaclarının daim həmkarlar ittifaqlarının diqqətində olduğunu bildirib. Qazilər göstərilən hərtərəfli qayğı və ehtiramdan razılıqlarını ifadə ediblər.
Sonra muxtar respublikada yaşayan 119 qazi ailəsinə ərzaq yardımı paylanılıb.
Sumqayıt
Bu il şəhər statusu almasının 75 illiyi qeyd olunan Sumqayıtdakı “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda əsl qələbəlik vardı. Hamı yüksək əhval-ruhiyyə ilə milli-mənəvi irsi, bolluq, bərəkət və xeyirxahlığı təcəssüm etdirən Novruz şənliyinə toplaşmışdı.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmilər də sakinləri təbrik etmək üçün şənliyə qatılıblar. Bayram tonqalı yandırıldıqdan sonra Dədə Qorqud və Bahar Qız camaata xeyir-dua veriblər. Novruzun xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsi arzulanıb. Milli geyimli uşaqlar meydanda rəqs ediblər. Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mingəçevir
“Nur şəhəri”ndə silsilə Novruz şənlikləri yaddaqalan olub.
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, ümumilikdə, 505 ailəyə bayram sovqatları verilib. El bayramı ilə əlaqədar olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə ağacəkmə aksiyası keçirilib. Boş olan ərazilərə 330 ədəd müxtəlif növ dekorativ və meyvə ağacı, 3 min ədəd dekorativ çiçək əkilərək suvarılıb. Ərazilərdə təmizlik və abadlıq işləri görülüb.
Lənkəran
“Cənub mirvarisi”ndə şəhər icra hakimiyyəti və Regional Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Asançıların Novruz Festivalı” keçirilib.
Bayram tonqalı yandırıldıqdan sonra adət-ənənələrini özündə əks etdirən sərgiyə baxış keçirilib. Eyni zamanda, bölgədə istehsal olunan kənd təsərrüfatı və yüngül sənaye məhsullarından ibarət sərgi də nümayiş etdirilib. Yerli mədəniyyət ocaqlarının təqdim etdikləri milli rəqslərimiz, folklor nümunələri, məktəblilərın hazırladıqları idman nömrələri maraqla izlənib. Dünən axşam isə rayonun Gərmətük qəsəbəsində yerləşən “Şah sarayı”nda şəhid ailələri və II Qarabağ müharibəsinin qaziləri üçün şənlik keçirilib, onlara bayram sovqatları və maddi yardımlar verilib.
Qeyd edək ki, bir gün əvvəl də 2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı keçirilib.
Abşeron
Bayram münasibətilə Abşeron ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında toplaşıblar.
İstirahət mərkəzinin bütün guşələri bayram atributları, məktəblər və bağçaların stendləri ilə bəzədilib. Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə verməklə abşeronluların əhval-ruhiyyəsinə məxsusi bayram ovqatı qatıblar. Novruzun əsas atributları olan Keçəl və Kosa uşaqları əyləndirib, məzhəkələr göstəriblər.
Xalqımızın qədim milli ənənələri ilə bağlı hazırlanan ədəbi-bədii kompozisiyaları, folklor kollektivlərinin çıxışlarını, xalçalardan, digər əl işlərindən ibarət sərgiləri, milli mətbəximizin ləziz təamlarını bayram iştirakçıları rəğbətlə qarşılayıblar.
Salyan
Şəhərin mərkəzi meydanında xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Şənlikdə çoxəsrlik maddi-mədəni irsimizi özündə əks etdirən eksponatlar, milli folklor nümunələri, qədim məişət əşyaları, kitab, rəsm və digər sərgilər nümayiş etdirilib. İştirakçılara xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələr, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələri təqdim olunub. Novruz bayramının personajları olan Bahar Qız, Kosa və Keçəl maraqlı çıxışları ilə tədbirdə xoş ovqat yaradıblar. Tədbirdə şəhid valideynlərinin iştirakı ilə bayram tonqalı yandırılıb. Ulu Dədə Qorqud qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz münasibətilə rayon sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıb. Bayram tədbirində rayon sahibkarlarının və fermerlərinin istehsal etdikləri müxtəlif çeşidli kənd təsərrüfatı və qənnadı məhsullarının satış-yarmarkası təşkil olunub.
Şamaxı
Novruzun gəlişini şamaxılılar da yüksək əhval-ruhiyyə ilə qarşılayırlar.
Bayram münasibəti ilə rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında şənlik təşkil olunub. Şənlik iştirakçıları xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də uşaqların əl işlərindən ibarət sərgilərlə tanış olublar. Onlara çeşidli milli yemək növləri və şirniyyatlar təqdim edilib.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri çıxış edib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa ediblər.
Bölgələrdə bayram təntənələri bu gün də davam edəcək.
Ə.DOSTƏLİ
XQ