Naftalanda Novruz bayramı münasibətilə maraqlı bayram tədbiri təşkil olunub. Şəhər rəhbərliyinin və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən şənliyə şəhid ailələri və qazilər dəvət olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı iştirakçıları bayram münasibətilə təbrik edərək vurğulayıb ki, torpaqlarımız azadlığına qovuşduqdan sonra cənab Prezidentimiz Novruz tonqalını cənnət Qarabağda – Şuşada, Suqovuşanda və digər dilbər guşələrdə alovlandırır. Bu bir daha qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın xatirəsinə, o cümlədən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlamətidir.
Şəhid ailələri, qazilər hər zaman qayğı ilə əhatə olunduqlarına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kimi tədbirlərin keçirilməsinin onlara göstərilən yüksək diqqətin nümunəsi olduğunu vurğulayıblar.
Tədbir turistlərin iştirakı ilə Novruz tonqalı ətrafında böyük coşğu ilə davam etdirilib. Kosa və Keçəlin uşaqlarla şən zarafatları şənliyə xüsusi rəng qatıb.
Qeyd edək ki, maraqlı tədbir Naftalan ŞİH-nin təşkilatçılığı ilə “Gold Naftalan” müalicə mərkəzində təşkil olunub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, Naftalan