Şəhid ailələri və qazilər üçün Novruz şənliyi

post-img

Beynəlxalq Muğam Mərkəzi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi və Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşəbbüsü ilə şəhid ailələrinin üzvləri və qazilər üçün Novruz bayramı təşkil olunub.

  Azərbaycan torpaqlarının azad edilməsi naminə canlarından, qanlarından keçmiş  şəhidlərin ailələri və qazilərimizə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Bu məqsədlə davamlı olaraq xüsusi layihələr həyata keçirilir. Qeyri-hökumət təşkilatlarının dəstəyi ilə baş tutan sözügedən tədbir də qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İB-nin sədri, əməkdar artist Nuriyyə Hüseynova, Sara Xatun Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Abbasova, Beynəlxalq Muğam Mərkəzinin direktoru əməkdar artist, tarzən Sahib Paşazadə və Medpro MMC-nin rəhbəri Hidayət Heydərov çıxışlarında qonaqları salamlayaraq, Novruz bayramı münasibətilə onları təbrik ediblər. Təşkilatçı ictimai birliklərin rəhbərləri ölkəmizdə Novruz bayramının önəmindən və artıq daha da coşğulu qeyd olunmasından bəhs ediblər. 

3 il öncəyədək “işğal edilən torpaqlarımızda bayram tonqalları alovlansın”– deyə arzu-niyyət edirdik. Artıq arzularımız reallığa çevrilib. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca etmişdir. Artıq işğal altında olan dədə-baba yurdlarımızda da bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə, ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Çıxış edənlər şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb və şəhidlərimizə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib. Əlvan musiqi proqramı və ziyafətdə Çilənay Hüseynova, Tural Salmanov, Zakir Əliyev, Zabitə Alıyeva, Rəvan Qacayev, Bulbul adına məktəbin tələbələri “Zəfər” kompozisiyası, Milli Konservatoriyanın müəllimi Nuriyyə Huseynova və muğam sinfinin tələbələri Ramal İsrafilov, Nisbət Sədrayeva ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

Sonda “Ləzzət şirniyyat”ın təşkilatçılığı ilə şəhid ailələri və qazilərə hədiyyələr təqdim olunub.

 

Z.HÜSEYNOVA

XQ







Sosial həyat