Qarabağlar – əsrlərin yadigarı

post-img

Kəngərli rayonunun Qarabağlar kəndi Naxçıvanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin şimal-şərqindəki Qalacıq adlanan ərazidə e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid, təqribən 40 hektar sahəsi olan yaşayış yeri aşkar edilmişdir. 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra ərazinin bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid möhtəşəm yaşayış yeri olması təsdiq olunmuşdur. 

Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikil­miş dördkünc və oval şəkilli bina qalıqları tapılmışdır. Qarabağlardakı qədim qə­biristanlıqda at və qoç formalı qəbirüstü abidələr aşkar edilmişdir. Qarabağlar tariximizin orta əsrlər dövründə Azərbay­canın qədim şəhərlərindən birinə çevril­mişdir. 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, bu şəhər Azərbaycanın mühüm ictimai-iq­tisadi, siyasi mərkəzlərindən biri olmuş­dur. Onun Yaxın Şərq ölkələri ilə Avropa­nı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi səbəbindən burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdir. Burada olan möhtəşəm memarlıq abidələri – türbə və minarələr XII–XIV əsrlərdə Qarabağların böyük şəhər olduğunu sübut edir. 

Qarabağların şəhər kimi formalaşma­sı və inkişaf dövrü isə Hülakülər dövləti dövrünə təsadüf edir. Qarabağlar XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi kimi statusunu itirməmiş­dir. Lakin bununla belə şəhərin əksər his­səsi xarabalıqlardan ibarət idi. Birinci Os­manlı idarəçiliyi dövründə (1587–1603) şəhər baxımsızlıq səbəbindən tənəzzülə uğramış və hətta 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd kimi qeyd olunmuşdur. 

Akademik sonra qeyd edir ki, Qa­rabağlar şəhəri orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiya­şünasların diqqətini cəlb etmişdir. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində şəhərin gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlu­matlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, F.Rəşidəd­din, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Taver­nye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar ver­mişlər.

XV əsrin görkəmli səlnaməçisi Ni­zaməddin Şami Əmir Teymurun səfərlə­rində onu müşayiət etmiş, tarixi hadisələ­rin canlı şahidi olmuşdur. Müəllif özünün “Zəfərnamə”sində fatehin Qarabağlar­da müəyyən müddətdə qalmasını belə təsvir edir: “Əmir Teymur Hindistandan paytaxt Səmərqəndə qayıtdıqdan sonra Azərbaycana və ona bağlı yerlərə gürcü və erməni əsgərləri tərəfindən təcavüzlər vaqe olduğunu, buna görə də rəiyyətlərin zərər gördüyünü xəbər aldı. Əmiri Hü­mayun namus və qeyrətinə toxunan bu hala görə 802-ci ildə (miladi 1399-1400) hərəkətlə Xorasana doğru yola düşdü. Sultaniyyəni keçərək Təbriz Qarabağla­rına gəlib, orada ordusu ilə nazil oldu və səhraları çadırları və bayraqları ilə işğal etdi, ordunu təftiş ilə əsgərlərin hamısına ülufə (yem) və yeyəcək verdi...”

Əmir Teymur döyüş səfərinə çıxdığı zaman yolüstü Qarabağlar şəhərində dayanmış, buranın gözəl nemətlərindən dadmış, məscidlərində dua etmiş, əsgər­lərinə “ülufə və yeyəcək” vermişdir.

Nizaməddin Şaminin bu şəhər haqqında yazdıqları ondan 300 il sonra burada olmuş Ö.Çələbinin “...Teymur Qa­rabağlarda böyük bir qoşunu ilə beş ay müddətinə qışlağa qalmışdır” məlumatı ilə bir daha təsdiqlənir.

Məşhur türk tarixçisi İbrahim Əfəndi Peçevinin “Tarix” əsərində də Qarabağ­lar haqqında bəhs edilir. İbrahim Peçevi XVI–XVII əsrlərdə bu böyük Azərbay­can şəhərinin əhalisinin həyatı, ticarət və peşə sənətkarlığı haqqında məlumat verir. 

İngilis səyyahı Moryer Qarabağlarda­kı xarabalıqları İranın Persepol şəhərinin memarlıq abidəsinə oxşadır. Moryerin Qarabağların xarabalıqlarını Persepolun Əhəməni dövrü abidələri ilə müqayisə­sinə münasibət bildirən AMEA-nın müx­bir üzvü Vəli Əliyev yazıbdır: “Əlbəttə burada mübaliğə vardır. Qarabağların orta əsr müsəlman abidələrini Persepo­lun Əhəməni dövrü abidələri ilə müqa­yisə etmək olmaz. Çox güman ki, Moryer Qarabağların çox qədim dövrlərə aid abi­dələrini nəzərdə tutmuşdur...” Digər tərəf­dən isə arxeoloq-alim “...doğrudan da arxeoloji tədqiqatlar nəticəsində burada qədim dövrlərə aid xarabalıqlara təsadüf edilmişdir”, – deyir.

Türk hakimi III Sultan Muradın haki­miyyəti dövründə Qarabağlar Səfəvilər tərəfindən ələ keçirilmişdir. Türk paşası Sultan Süleyman qışı öz əsabələri ilə bir­likdə bu şəhərdə keçirərmiş.

XVII əsrin tanınmış türk səyyahı Öv­liya Çələbi Azərbaycana birinci səfərində (1646–1647-ci illər) “Böyük Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənuçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Nax­çıvan torpağında ayrıca sultanlıqdır. Qə­dim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixin­də (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilməzsə dağıdıb xarab et­mişdir, xarabalıqları hələ də durmaqda­dır”. 

Ö. Çələbi “Səyahətnamə” əsərində Qarabağları böyük bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən 50 min adam yaşayırdı; 10 min ev, 70 məscid, 40 minarə, karvansara, hamam, bazar və sair var idi. Şəhərin ab-havasından, bağ-bağatından, meyvələrindən, xörək­lərinin dadından Ö. Çələbi ürəkdolusu söhbət açıbdır. 

Qeyd edək ki, Səfəvilər dövlətində Azərbaycan bəylərbəyliyi dövründə Nax­çıvan ölkəsi 12 nahiyə və 1 sultanlıqdan ibarət idi. Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərə-Şah­buz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağ­lar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdi. Bu dövrdə Qarabağ nahiyəsi 6 kənd, 2 məz­rədən ibarət idi. Tədqiqatçıların fikrincə, XVII əsrin əvvəllərində Naxçıvan ərazi­sində öz qanuni hakimiyyətlərini bərpa edən Səfəvilər Qarabağların sultanlıq statusunu özünə qaytarmışdır. Qarabağ­lar kəndi XVIII əsrin 30-cu illərində Naxçı­van sancağında Qarabağ adı ilə 16 kəndi əhatə edən nahiyə mərkəzi, XIX əsrdə isə Xok mahalında kənd olmuşdur. Gö­ründüyü kimi, bu ad müxtəlif zamanlarda həm Qarabağ, həm də Qarabağlar şək­lində işlənilmişdir.

İrəvan və Naxçıvan xanlıqlarının ta­rixi və coğrafiyasının tədqiqi ilə məşğul olmuş fransız mənşəli İ. Şopen Qara­bağlar şəhəri, onun sinfi və etnik tərkibi, folkloru və incəsənəti, təsərrüfatı barədə məlumat vermişdir. İ.Şopen bu qədim yurdun rus işğalından çox əvvəlki vəziy­yətinin təsvirini verə bilmişdir.

1833-cü ildə Sankt-Peterburqda V.Qriqoryevin nəşr etdirdiyi “Naxçıvan əyalətinin statistik təsviri” əsərində də Qarabağlar haqqında geniş məlumat verilir. Buradan da Qarabağların əhali­si, onun ödədiyi vergilərin adları, həcmi haqqında qiymətli məlumatlar əldə etmək mümkündür.

Göründüyü kimi bir zamanlar Azər­baycanın mühüm ictimai-siyasi mərkəz­lərindən biri olmuş, karvan yolları üzərin­də yerləşən Qarabağlar bura yolu düşən səyyahların, tədqiqatçıların diqqətini cəlb etmiş, eyni zamanda orta əsrlərdə artıq mədəni mərkəzlərdən birinə çevrilmiş­dir. Hazırda kənddəki Qarabağlar Türbə Kompleksi də bunu sübut edir. Tarixçi-alim İsmayıl Hacıyev Qarabağlar Türbə Kompleksinin təkcə Azərbaycanın deyil, Ön Asiyanın memarlıq incilərindən biri ol­duğunu bildirir. 

Məlumat üçün deyək ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar ara­sındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarət­dir. Bu abidələrdən ikisi - qoşa minarəli baştağ və türbə dövrümüzədək gəlib çatmışdır. Qarabağlar Türbə Kompleksi haqqında tədqiqatçılardan M.Mirheydər­zadə, Ə.Salamzadə, M.Useynov, L.Bre­tanitski, K.Məmmədzadə, Ə.Əsgərzadə, V.Sısoyev, T.Yazar, C.Qiyasi, S.Kərimza­də, Ş.Məmmədova və başqaları maraqlı fikir və mülahizələr söyləmiş, abidələrin tarixi haqqında bir sıra dəqiqləşmələr aparmışlar. 

Qarabağlar memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu – XIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baş­tağ isə XIV əsrə aiddir. Baştağın üzərin­də Elxani hökmdarı Hülakü xanın arva­dı Quti xatının adı yazıldığından, onun şərəfinə tikildiyi güman edilir. 

Son illərdə bu tarixi abidə də bər­pa olunaraq istifadəyə verilmişdir. İndi Naxçıvana yolu düşən turistlərin böyük əksəriyyəti muxtar respublikanın digər tarixi-mədəni abidələri ilə yanaşı, dünya əhəmiyyətli Qarabağlar Türbə Komplek­sini də ziyarət edirlər. 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri.

Naxçıvan

Sosial həyat