DYP: Xarici dövlət qeydiyyat nişanlı avtomobillərin sürücülərinə xəbərdarlıq edilib

post-img

Ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat və təhlükəsiz həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə respublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur.

Məcəlləyə əsasən, sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilir.

Buna görə də bir daha belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər.

Sosial həyat