“Erasmus” layihəsi çərçivəsində pilot formatda iclas

post-img

Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində təsis edilən Elmi işlər komitəsinin pilot formatda növbəti iclası keçirilib. Tədbirdə ATMU ali təhsil müəssisəsinin Elmi işlər üzrə prorektoru professor İranə Əliyeva təmsil edib. 

Layihənin Azərbaycanın ali təhsilinə verə biləcəyi töhfələrdən bəhs edən BBU-nin rektoru, professor İbad Abbasov Elmi işlər üzrə komitənin fəaliyyətində elmi tədqiqatlar sahəsində nəzərəçarpan mövcud boşluqların dəyərləndirilməsində və müvafiq istiqamətlər çərçivəsində universitetlərarası qarşılıqlı əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli roluna aydınlıq gətirib.

Tədbirdə Elmi işlər komitəsinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov qurumun 2023-cü il üzrə hesabat- məruzəsində ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyətinin inkişaf göstəricisi anlamında 10 online və oflayn toplantının və elmi nəşrlərə dair 5 təlimin təşkil edildiyini, TEC (Təhsil və Elm) normativ-hüquqi bazanın araşdırılması və təkmilləşdirilməsinə dair təkliflərin işlənib- hazırlandığını diqqətə çatdırıb. Elmi jurnalların müzakirəsi, DOİ indeksinin alınması və Açıq Jurnal Sistemində (OJS) elmi jurnalların inteqrasiyası kimi məsələlərin  gündəmdə olduğunu bildirib.

İclasda layihə koordinatoru, Bakı Biznes Universitetinin (BBU) Universitet–Sənaye iş birliyi şöbəsinin müdiri Gülşən Bayramova isə layihəyə 15 tərəfdaş universitetin qoşulduğunu, üzv və assosiativ üzvlərin sayının 23-ə çatdığını qeyd edib.

Tədbirdə Elmi işlər üzrə komitəyə açıq səsvermə yolu ilə  Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova sədr,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  elmi işlər üzrə prorektoru Sədaqət Əliyeva və Bakı Ali Neft məktəbinin tədqiqat və innovasiyalar şöbəsinin müdiri İlkin Axundov isə  sədr müavinləri seçiliblər.

Z.HÜSEYNOVA

XQ

 



Sosial həyat