Bu günlərdə Ümumdünya Yazıçılar Günü qeyd olundu. Bəzi sənətkarlar sosial şəbəkələrdə bu günlə bağlı ürək sözlərini paylaşdılar. Özünün poetik axtarışları, böyük istedadı ilə seçilən şair Səməd Qaraçöpün “Facebook” şəbəkəsindəki hesabında paylaşımı diqqətimi cəlb etdi:
“Yəqin ki, poeziya ən çox göy üzünə bənzəyir. Ürəklər də buludlar kimi dolub-boşalır.
Poeziyada da yağışlar yağır – gurultulu yağışlar, gurultusuz yağışlar. Amma bizim bugünkü poeziyada boş gurultular daha çoxdur – yağışsız gurultular. Elə bil, bunlara deyiblər: “Yağmasan da, gurulda!”
Yığın-yığın şairlər, qalaq-qalaq kitablar var ki, gurultusu yerə-göyə sığmır. Amma ortada bircə damcı da yoxdu.
Yağışsız gurultulara babalarımız yalançı gurultular deyiblər. Bu yalançı şairlər, bu yalançı kitablar bugün bu ölkədə guruldayıb yeri-göyü tutubdur.
Amma şükür Allaha, tək-tük elə şairlər də var ki, heç guruldamadan, səssiz-səmirsiz yağırlar…
Deyirəm, yağanda da gərək yerində, gərəyində, qədərində yağasan – bircə damcın da artıq-əskik olmaya. Gərək elə yağasan ki, baxıb deyələr: “Elə bil göy üzündən nur yağır!”
Təqdim etdi:
P.ƏMİRCANOV
XQ