Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi layihəsinin açılışı olub

post-img

Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Dahi şəxsiyyət Heydər Əliyev" layihəsinin Biləsuvar Heydər Əliyev Mərkəzində açılış mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları mərkəzdə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq məqsədilə yaradılmış bölmələri ziyarət ediblər. Daha sonra məktəblilər tədbirin açılış mərasiminə qatılıblar.

Əvvəlcə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə geniş məlumat verib. Qeyd edib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurban bildirib ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənib. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib.

YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov qeyd edib ki, bu gün Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyalarının təbliği Heydər Əliyev siyasətinə verilən böyük önəmin göstəricisidir.

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Hüseynli çıxışında Ulu Öndərin gənclər siyasətinə geniş yer verib, həyata keçirilən bu cür tədbirlərin gənclərin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Layihənin eksperti Elçin Həsənli keçirilən layihəyə müsbət rəy bildirərək əlavə edib ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz və bu xidmətlərin gənclərimiz arasında təbliği böyük önəm kəsb edir. Sonda ekspert layihənin gedişatına uğurlar arzulayıb.

Qeyd edək ki, layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.

Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.

Layihə növbəti günlərdə Salyan, Cəlilabad, Masallı və Lənkəran rayonlarında da icra olunacaq.







Sosial həyat