“Akvaponika Laçın”da balıq və bitki yetişdirilir

post-img

Böyük yenidənqurma meydanına çevrilmiş Laçında yeni sənaye və təsərrüfat sahələri yaradılır. Belə təsərrüfatlardan biri də balıq və bitki yetişdirilməsi üçün nəzərdə tutulmuş “Akvaponika Laçın” müəssisəsidir.

Bu sistem Azərbaycanda ilk olaraq Laçın rayonunda, Həkəri çayının sahilində qurulub. Sistemi yaratmaqda əsas məqsəd ekoloji cəhətdən təmiz bitkilər yetişdirməkdir. Bu barədə Şərqi Zəngəzur İqtisadi rayonundakı 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumatda bildirilib ki, müəssisədə istifadə olunan maddələr balıqları qida ilə təmin edir. Balıqların filtirasiya olunmuş gübrəli suyu isə sistemdə dövr edərək bütün bitkiləri qidalandırır. Sistemin üstünlüyü suyun itkiyə getməməsidir. Müəssisə içməli su ilə yox, Həkəri çayından götürülən su ilə təmin olunur. Tam təbii şəkildə yetişdirilən bitkilər həm də sərfəli şərtlərlə başa gəlir. 

Hazırda müəssisədə sazan cinsli balıqlar saxlanılır. Yaxın zamanlarda farel və nərə balıqlarının da gətirilməsi planlaşdırılır. Burada balıqlarla bitkilərin paralel şəkildə inkişafı vacibdir. Balıq bol olarsa, gübrəsi də çox olar. Balıq az olduğu halda da bitkilər tələf ola bilər. Ona görə də sistemdə balıq sayı artdıqca, bitkilərin də sayı əkilərək artırılır.

2023-cü ilin iyul ayından fəaliyyətə başlayan müəssisədə ilk olaraq üç növdə - qırmızı, qırmızı-yaşıl, yaşıl kahı və ispanaq əkilib. Həmçinin, Çin kələmləri də yetişdirilir. 2023-cü ilin dekabr ayından isə pomidor şitilləri əkilib. Növbəti mərhələdə çiyələk, kök, göyərti və digər bitki çeşidlərinin əkilməsi də nəzərdə tutulur. Artıq yetişdirilən bitkilərin satışı təşkil olunur. Hazırda 270 kvadratmetr ərazidə yerləşən müəssisədə 5 nəfər Laçın sakini işlə təmin edilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat