Kiçik çillənin ömrü azdı, qabaqda yazdı...

post-img

Qarabağda deyərdilər: Novruzdan sonra 40 kötük yandırırlar

Uzun qış gecələrində nənələrimiz, babalarımız nəvələrinə  bu sözlərlə başlanan nağıllar danışardılar. Ocağın istisi vurduqca  nağıla qulaq asan nəvələr yavaş-yavaş yuxuya gedər, nənələrin-babaların üzünə xoş təbəssüm qonardı...

Yaydan tədarük olunan kötük və yarmaçalar şaxtalı-sazaqlı qış gecələri üçün odun-ocaq ehtiyatıdır. Onların  hər  birinin istisinə bir gecəni səhər etmişik, mışıl-mışıl yatan körpələr neçə-neçə nağıllara qulaq kəsiliblər. 

Gurhagur yanan sobaya qoyulan ağac kötükləri evlərə hərarət və istilik bəxş edib. Hər kötüyü bir qış gecəsini yola verərək  bizi isti sobanın ətrafına yığan odun yığnaqları böyük çiləni kiçik çilləyə qədər gətirib çıxarıb. 

El təqviminə görə indi qışın ən sərt vaxtıdır. “Toyuqları hində, gəlinlərin əlini xəmir təknəsində, atın qulununu bətnində” donduran, hamını isti ocağın başına toplayan kiçik çillə “boz ay”a doğru addımlayır. Hələ isti sobanın ətrafı daha bir müddət hamını başına yığacaq. 

Kiçik çillə çıxandan sonra Novruz tonqalları yanmağa başlayacaq. Deyərlər ki, çillənin ömrü azdı, qabağı yazdı. Qədim bir el sözündə deyilir ki, Novruzdan sonra 40 kötük gərəkdir. Deməli, təqvimdən qopan vərəqlər bizi yaza yaxınlaşdırsa da, soyuq keçən günlərdə kötük hələ gərəkli olaraq qalır...

Uzaq dağ kəndində sobaya qoyulan  kötük təkcə otağa, evə deyil, qəlbimizə də hərarət və istilik gətirir.  Uzun həsrətdən sonra işğaldan azad olunan  yurd yerlərində ocaqlarımız təzədən şölələnəcək. Bu dəfə yanan ocaqlarımızı heç kəs söndürə bilməyəcək. İstisinə yığışdığmız kötük və yarmaçalar çırthaçırt yanaraq şirin bir qış nağılı danışacaq...

Süleyman QARADAĞLI, 
yazıçı-publisist

 

Sosial həyat