Şəkili gəncə “İlk dəfə səs verən seçici” vəsiqəsi təqdim olunub

post-img

Şəki şəhər sakini Rəcəbov Məhəmməd Söhrab oğlu növbədənkənar prezident seçkiləri günündə ikiqat sevinc hissi yaşayıb.

Fevralın 7-də 18 yaşı tamam olan Məhəmməd Rəcəbov səs vermək üçün 115 saylı Şəki kənd seçki dairəsinin şəhərdəki 17 nömrəli tam orta məktəbində yerləşən 58 saylı seçki məntəqəsinə gələrkən xoş sürprizlə qarşılaşıb.

Məntəqə seçki komissiyasının sədri İlqar Mustafayev gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib.

Doğum gününün prezident seçkilərinə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Məhəmməd Rəcəbov sevinc hissini AZƏRTAC-la bölüşüb: “Xoşbəxtəm ki, doğum günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq. Böyük həvəslə seçdiyim namizədə səs verdim. Bir gənc olaraq, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən böyük qürur hissi keçirirəm”.

Məhəmmədin səs verdiyi məntəqədə 1024 seçici qeydə alınıb. Onlardan 14-ü ilk dəfə səsvermədə iştirak edir. Ümumiyyətlə, 115 saylı Şəki kənd seçki dairəsi üzrə ilk dəfə səs verən gənclərin sayı 3701 nəfərdir.

 





Sosial həyat