Xankəndi: seçicilər öz iradələrini sərbəst, azad və şəffaf şəkildə ifadə edirlər

post-img

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi və fəallığı ilə davam edir.

İşğaldan azad olunmuş digər ərazilərdə yaradılan seçki məntəqələri kimi, 14 saylı seçki məntəqəsində də qələbəlik hökm sürür. Ərazidəki seçicilər məntəqəyə gələrək öz namizədlərinə səs verirlər.

Səsvermədə iştirak edən Rəmzi Şakiri deyib: “30 ildən artıq idi ki, Qarabağımızdan ayrı düşmüşdük. Şükür bu günümüzə. Bütün torpaqlarımız azaddır. Mən Xankəndi şəhərində çalışıram. Bu gün böyük fərəh hissi ilə səsvermədə iştirak edirəm. Buna görə özümü xoşbəxt sayıram”.

Məntəqədə səsvermə prosesini 15 yerli müşahidəçi izləyir. Onlar səsvermənin yüksək səviyyədə, demokratik şəraitdə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.





Sosial həyat