Müşfiq Cəfərov: İş adamlarına səslənirəm, “Kəpəz”i tək qoymayın

post-img

 Milli Məclisin deputatı, Kəpəz PFK- İdarə Heyəti üzvünin facebook səhifəsində müraciəti yayılmışdır

Müraciətdə deyilir:  “Bu gün “Kəpəz”in ən böyük problemi maliyyə ilə bağlıdır. Bütün komandalara dövlət tərəfindən müəyyən vəsait ayrılır. Amma bizim klubdan başqa digər klubların hamısının sponsoru da var. Sponsordan gələn vəsait hesabına klublar saxlanılır. Yalnız “Kəpəz” sponsoru olmadan fəaliyyət göstərir ki, bu da çətinliklər yaradır. 

Çempionatda qalmaq üçün daha güclü oyunçulara, əlavə vəsaitə ehtiyac var. Keçən mövsümdəki liqa ilə indiki arasında böyük fərq var, rəqabət aparmaq çətinləşib. Təbii ki, bu baxımdan da əlavə maliyyə dəstəyi olmadan çıxış etmək olduqca çətindir. Mən də klub rəhbərliyində təmsil olunan bir şəxs, millət vəkili kimi bu işlərə, axtarışlara cəlb olunmuşam. Gəncədə və Bakıda bir çox iş adamları, şirkət rəhbərləri ilə görüşmüşük. Təəssüflər olsun ki, hələlik bir nəticə yoxdur.

Gəncənin özündə kifayət qədər imkanlı iş adamları, sahibkarlar var. Habelə Gəncədən olub Bakıda və ya ölkə xaricində yaşayan biznesmenlər var. Elə buradan iş adamlarına səslənirəm ki, “Kəpəz”i tək qoymasınlar. Bu klub hər birimiz üçün doğmadır. Komanda 2016-cı ildə avroliqaya vəsiqə qazananda hamımız çox sevindik. İndi də eyni hisləri yaşamaq üçün çalışmalıyıq. Bunun üçün kluba sponsor lazımdır. İstəyirik ki, bu yolda iş adamları dəstəklərini əsirgəməsinlər. Bu yöndə hər hansı bir təkliflə çıxış etmək istəyən şəxslər varsa, onlarla görüşməyə hazırıq. Gəlsinlər, bir yerdə müzakirə edək, təklifləri dinləyək. Biz tərəfdən nə lazımdırsa, etməyə hazırıq”.

 Qeyd edək ki, “Kəpəz” futbol klubunda baş verən proseslər, problemlər haqqında qəzetimizdə bir neçə dəfə geniş yazı dərc olunub. Həmin yazılardan sonra klubun rəhbərliyi az iş görməyib. Məşqçilər heyəti dəyişdirilib, klubun işinə maneçilik törədən, sağlam mühiti korlayan şəxslər klubdan uzaqlaşdırılıb. Yaxın günlərdə gözəl bir futbol akademiyasının açılışı olacaqdır. Bütün bunlar barədə klub rəhbərliyinin redaksiyamıza göndərdiyi cavab məktubunda da ətraflı söhbət açılıb və biz o məktubu qəzetimizdə dərc etmişik.

 Millət vəkili Müşfiq Cəfərovun müraciəti də bu baxımdan təqdirəlayiqdir və yaxın vaxtlarda ona səs verəcək insanların olacağına böyük ümid bəsləyirik. Doğrudan da “Kəpəz” yaxşı komandadır, ona kim yaxın durub sponsorluq etsə, üzünü ağardacaq, bunu onlar bacarır...

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri


 

 

 

 

Sosial həyat