Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bir sıra məsələlər müzakirə edilib

post-img

Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyinə 4 məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın, komitənin 2024-cü il yaz sessiyası üçün iş planının və iki qanun layihəsinin daxil edildiyini söyləyib.

Əvvəlcə Ziyafət Əsgərov 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. O diqqətə çatdırıb ki, 2023-cü ilin payız sessiyası ərzində komitənin 14 iclası keçirilib, 28 məsələyə baxılıb. Qeyd olunub ki, ötən sessiyada “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlarda, Cinayət Məcəlləsində, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də və bir sıra digər qanunvericilik aktlarında əlavə və dəyişikliklərlə bağlı layihələr, habelə “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” sənədlər müzakirə olunub və qəbul edilib.

Komitənin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub.

Sonra Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinə baxılacağını söyləyib. Komitə sədri 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, bir sıra digər məsələlərin aktuallığını qeyd edərək, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin hazırlandığını bildirib. O, yaz sessiyası ərzində, həmçinin bu qanun layihəsinin də müzakirəsinin nəzərdə tutulduğunu deyib.

Komitənin 2024-cü il yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Daha sonra komitə sədri Ziyafət Əsgərov gündəlikdəki qanun layihələrini nəzərə çatdırıb.

Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihəsində adı çəkilən qanunun 45.5-ci maddəsinə “Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir” cümləsinin əlavə edilməsi təklif olunur.

Qeyd edilib ki, “Media haqqında” Qanunun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihəsində isə uyğunlaşdırma xarakterli düzəlişlər nəzərdə tutulub.

Qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sosial həyat