Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.
Bu məqsədlə yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.
Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.
İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Səudiyyə Ərəbistanının Azərbaycanda minatəmizləmə fəaliyyətləri üçün maliyyə töhfəsinə görə Abdullah Məhəmməd Əlvadeyiyə təşəkkür edib. Görüşdə qonağa ölkəmizin üzləşdiyi mina problemi, hazırda həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dost və qardaş münasibətlərdən məmnunluq ifadə edərək, ölkəsinin humanitar minatəmizləmə məsələsində Azərbaycanın yanında olduğunu və ölkəmizi dəstəklədiyini vurğulayıb.