Yeni ilin tətil günləri...

post-img

Şəhər əhalisinin və qonaqların Yeni il tətilini səmərəli keçirmələri üçün Bakının müxtəlif parkları və küçələrində bayram tədbirləri təşkil olunub. Bayram münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilib. İşıqlı yolkalar, bəzəkli köşklər və maraqlı kompozisiyalar göz oxşayır. Yolların kənarında qurulmuş işıq effektləri əsl Yeni il abı-havası yaradır. 

Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda azyaşlı uşaqlar və şəhərin qonaqları üçün təşkil olunmuş yeni il şənlikləri insanların bayram əhval-ruhiyyəsini artırır, onların istirahət günlərini daha da yaddaqalan edir. Bu məqsədlə, Dövlət Kukla Teatrının arxasındakı ərazi tam yeni il ab-havasında bəzədilmiş, burada yeni illə bağlı kompazisiyalar – çılçıraqlı xizəkli maral, hava ilə doldurulmuş oyuncaqlar, işıqlı yolka və s. hazırlanmışdır. Bundan əlavə, Şaxta baba və Qar qız, Santa Klaus, nağıl və cizgi film qəhrəmanlarının obrazlarında animatorlar (Harri Potter, Malefisenta, "Ələddindən" Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, "Alisa möcüzələr ölkəsindən" Dəli Dovşan, "Su pərisindən" Ursula) uşaqları şənləndirərək onların böyük sevincinə səbəb olur.

Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün diskoteka, tamaşalar, konsert, atəşfəşanlıq, illüminasiya (işıq) və alov şousu da təşkil olunub. 

Qeyd edək ki, bu il Neftçilər və Azərbaycan prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələrində də xüsusi bayram tərtibatı aparılıb. “Port Baku Mall” və “Xətai Ağ Şəhər” parkında da Yeni il yolkaları qurulub, ərazi işıqlı bayram atributları ilə bəzədilib. İnsanlar burada şəkil çəkdirir, əylənir və tətil günlərindən zövq alırlar. “Port Baku Mall”un ərazisində açılmış “New Year Village” adlı yarmarkada müxtəlif brendlər öz məhsullarını təqdim edirlər. Yeni il əhvali-ruhiyyəsi yaratmaq üçün ərazidə yeni il dekoru və küknar ağacı quraşdırılıb. 

Fidan SALMANOVA

XQ

 



























Sosial həyat