Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilir.
Bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 14-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Belə ki, “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı tam orta təhsilli şəxslərin gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə könüllü daxil ola bilməsi müəyyən edilsə də, qanunvericilikdə tam orta təhsilli gizir və miçmanlara kiçik leytenant hərbi rütbəsinin verilə bilməsi nəzərdə tutulmayıb.
Təklif edilən dəyişikliklə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılmış olacaq.