Qızıl meydanda unudulmaz görüş

post-img

Haqqında söhbət açdığımız  neftçi Novruz Ramazanov şərəfli əməyi,  uğurlu nailiyyətləri ilə tanınıb. Bu ad 1970–1990-cı illərdə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda –  Sibir neftçilərinin, Anqarsk  Neft Kimya Kombinatının, Fərqanə Neftayırma Zavodunun, Yeni Ufa Neftayırma Zavodunun kollektivləri arasında da hörmətlə çəkilib. Bağladığı yarış müqavilələri onları bir-birinə doğmalaşdırıb, yeni qələbələrə ruhlandırıb.

Neftçi  hər söhbətində ümummilli lider Heydər Əliyevlə görüşlərindən böyük həvəslə danışardı. Moskvada Qızıl meydandakı görüşünü isə illər keçsə də unuda bilmirdi. Deyirdi ki, 1986-cı ilin mart ayı idi: “Sov.İKP XXVII qurultayının axşam iclasından sonra  Qızıl meydana çıxmışdım. Birdən Heydər Əliyevin bir neçə nəfərin müşayiəti ilə gəldiyini görüb ehtiramla ayaq saxladım, onun keçməsini gözlədim. Heydər Əliyev bu dövrdə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışırdı.

Heydər Əliyev yanımdan keçərkən gözlənilmədən dayandı, əlini uzadıb mənimlə  görüşdü:

– Yoldaş Ramazanov, necəsən? 

 Dahi rəhbərin bu səmimiyyətindən birdən-birə özümü itirsəm də tez dedim:

 – Yaxşıyam, yoldaş Əliyev.

O illərdən söz düşəndə neftçi Ramazanov deyərdi:

– Heydər Əliyev daha sonra  işlərimlə maraqlandı. Son illərdə qazandığımız uğurlar haqqında məlumat verdim və onu əmin etdim ki, bundan sonra da səylə işləyəcəyik.

Üzündəki xoş təbəssümündən hiss etdim ki, Heydər Əliyev uğurlarımıza sevinir. Necə oldusa, ürəyimdən bu dahi şəxsiyyətlə  şəkil çəkdirmək keçdi. Amma ürək eləyib arzumu çatdıra bilmədim. Heydər Əliyev fotoqrafa baxdığımı görüb, sanki, qəlbimdən keçənləri oxudu. O, azca aralıda dayanmış fotoqrafa işarə etdi ki, şəklimizi çəksin.

Mənim bu dahi şəxsiyyətlə dəfələrlə görüşlərim olub. 1980 – 1988-ci illərdə Bakının Nərimanov Rayon Partiya  Komitəsinin büro üzvü, 1978-ci ildə Bakı Şəhər Sovetinin deputatı, həmçinin Sov.İKP XXV və XXVII qurultaylarının və Azərbaycan KP XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuşdum. 

Neftçi Ramazanov Azərbaycan KP qurultaylarında, MK plenumlarında Heydər Əliyevlə görüşlərindən böyük həvəslə danışar və deyərdi:

– Bir əmək qəhrəmanı və MK üzvü kimi tədbirlərin rəyasət heyətində əyləşməklə mənə  böyük etimad göstərilərdi. Yüksək tribunalardan tez-tez çıxış edirdim. Hər tədbirdən sonra Heydər Əliyev məni təbrik edər, işlərimlə maraqlanardı.

Novruz Xanrza oğlu Novruzov 1935-ci il martın 13-də Lənkəran rayonunun Narbağı kəndində anadan olmuşdu. Ötənləri, keçənləri xatırladıqca xəyalı qanadlanır, qəlbi nurlanır, sanki ürəyinə işıq axırdı. Tez-tez görüşərdik. Artıq bu görüş əsl dostluğa çevrilmişdi. İkinci Dünya müharibəsinin başlanğıcından atasız qalan Novruz Ramazanov  6 yaşından özündən kiçik 4 yaşlı bacısı ilə Lənkəran uşaq evində böyümüşdü. Lənkərandakı 3 saylı orta məktəbinin yeddinci sinfini bitirdikdən sonra Bakı şəhər 2 saylı texniki peşə məktəbində  neftayırma ixtisası üzrə operator sənətinə yiyələnmişdi. 

Sonralar səadətini neftçilər ailəsində tapan Novruz Ramazanov 1954-cü ildən Bakı Neftayırma zavodunda operator işləmişdi. respublikada neft sahəsinin inkişafında əməyimi əsirgəməmiş, yüksək göstəricilərə görə Lenin və Qırmızı Əmək Bayrağı ordenləri, bir neçə medalla, fəxri fərmanlarla təltif olunmuşdu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1974-cü il 20 sentyabr tarixli fərmanı ilə adı ümumxalq “Şərəf kitabı”na, 1986-cı ildə isə SSRİ Neft Emalı və Neft Kimyası Sənayesi Nazirliyinin “Şərəf  kitabı”na daxil edilmişdi. 

1991-ci ildən respublikanın “Əməkdar səmərələşdirici”si fəxri adını daşıyırdı. SSRİ Neftayırma və Neft-Kimya sənayesi əlaçısı idi. Gənc kadrların hazırlığında xidmətlərimə görə üç dəfə “Gənclərin hami tərbiyəçisi” döş nişanına  layiq görülmüşdü. 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən könüllü dəstələrin tərkibində olmuşdu. 

Güləş üzrə idman ustası idi. 1984-cü ildə idmanın müxtəlif növləri üzrə Novruz Ramazanov adına keçici priz təşkil olunmuşdu. Şəxsi təşəbbüs qaldıraraq işlədiyi müəssisənin həyətində  bağ salınmış və bu istirahət mərkəzinə “Novruzun bağı” adı verilmişdi.

1978-ci ildə məzuniyyət vaxtı pulsuz olaraq Ağcabədi rayonunun keçmiş Çaparidze adına kolxozda  3 tondan çox,1989-cu ildə  isə Cəlilabad rayonunun Axundov adına  kolxozda  7,5 ton  pambıq yığaraq təhvil vermişdi. 

İş təcrübəsi ümumiləşdirilərək keçmiş ittifaqda yayılmışdı. Təcrübəsi  ilə bağlı plakatlar, bülletenlər çap olunmuşdur. İşlədiyi müəssisədə “Neftçi Ramazanov” adına priz təsis edilmiş, neftçilərə məxsus geyimləri  Ukrayna Əmək Şöhrəti Muzeyində qoyulmuşdu.

Qazandığı  yüksək göstəricilərə görə neftçi Novruz Ramazanova 1990-cı
ittifaq əhəmiyyətli  fərdi pensiya təyin edilmişdi. Ömür-gün yoldaşı  Ruqiyyə  xanım, övladlarından  Rasim və Elman  Ramazanovlar da ailə başçısı ilə bir yerdə  Bakı Neftayırma Zavodunda işləyirdilər.

Adlı-sanlı neftçi Novruz Ramazanov danışardı:

– Ümummilli lider Heydər Əliyevlə hər görüş məndə xoş təəssürat oyatmışdır. Adi bir fəhləyə göstərdiyi diqqət və qayğı məni daha yaxşı işləməyə ruhlandırırdı. 

İllər keçsə də,  həmin tarixi anlar neftçi Novruz Ramazanovun  yadından çıxmamışdı. Gənclərlə, məktəblilərlə görüşlərdə Heydər Əliyevlə bağlı xatirələrimdən  tez-tez söz açardı. Deyərdi ki, Heydər Əliyev dahi şəxsiyyət idi, onu təkcə MDB məkanında deyil, bütün dünyada tanıyırdılar. Bir dəfə gənclərlə söhbətində demişdi:

– Bu gün ulu öndərimiz Heydər Əliyevin neft strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirilir və müstəqil Azərbaycan dövlətinin inkişafını təmin edir. Mən də qocaman bir neftçi kimi bütün bu inkişafı, yüksəlişləri görüb fəxr edir və qürur duyuram.

Neftçi Novruz Ramazanov iki ildir aramızda yoxdur. Məzarı Lənkəranda doğulduğu kənd qəbiristanlığındadır. Xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. 

 

Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq”  qəzetinin baş redaktoru

Sosial həyat