Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə Bişkekdə onun adını daşıyan 20 nömrəli məktəb-gimnaziyada keçirilən mərasimdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun həmsədrləri, şagird və müəllimlər iştirak ediblər.
Məktəbin foyesində Ulu öndərin büstü önünə gül dəstələri düzülüb. Sonra səfir Lətif Qəndilov məktəbə Heydər Əliyevin tablo-portretini hədiyyə edib. O bildirib ki, məhz ulu öndər Heydər Əliyev xalqla birlikdə indiki güclü və müstəqil ölkənin əsasını qoyub. Əgər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdisə, İlham Əliyev daha da irəli getdi – bizdən alınan ərazini qaytardı, ədaləti bərpa etdi.
20 nömrəli tədris kompleksi məktəb-gimnaziyasının direktoru Kanıkey Alımkulova vurğulayıb ki, məktəbimizin Heydər Əliyev kimi dahi insanın, əfsanəvi şəxsiyyətin adını daşıması böyük şərəfdir.
Səfir Lətif Qəndilov “Veçerniy Bişkek” qəzetində dərc edilmiş yazıda Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib: “Azərbaycan xalqı fəxr edir ki, ölkəmizin tarixində Heydər Əliyev kimi dahi şəxsiyyət olub”. Diplomat bildirib ki, may ayında səfirlik və məktəb kollektivi Qırğızıstanda Heydər Əliyev ilinin açılışını edib. Bu müddət ərzində bir çox maraqlı tədbirlər – Heydər Əliyev haqqında ən yaxşı inşa müsabiqələri, onun 100 illik yubileyinə həsr olunmuş sərgi və digər görüşlər keçirilib. Həmçinin Joqorku Keneşdə Heydər Əliyevin 100 illik yubileyi yüksək səviyyədə qeyd olunub.
Lətif Qəndilov qeyd edib ki, gələn ilin aprelində isə Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya gözlənilən səfəri zamanı isə Azərbaycan paytaxtının mərkəzi küçələrindən birində böyük yazıçı Çingiz Aytmatovun abidəsinin açılışı olacaq: “Heydər Əliyev də, Çingiz Aytmatov da böyük dost olublar”.
XQ