Unudulmaz Yusif Vəzir

post-img

Sevginin gücü

Yusif Vəzir gəncikən Aşqabadda Asiya adlı bir qıza dəlicəsinə vurulur. Qız da onu sevir. Bir gün dostları bir otağa çəkilib Kaxetiya şərabı içirlər. Yusif Vəzirə nə illah edirlərsə, içmir:

– Fanatik olma, iç,– deyə cavanlar təkid edir.

– Fanatik deyiləm. Amma heç vaxt içmədiyim üçün adətimi pozmaq istəmirəm.

Nəhayət, dostlardan biri qədəhi ona uzadıb gülümsəyərək deyir:

– Asiyanın sağlığına.

Yusif Vəzir də qədəhi alır və ­təbəssümlə:

– Yaşasın!– söyləyib ilk dəfə şərab içir.  

25 faiz qazanc hesabına qonaqlıq

Yusif Vəzir Fransada mühacirətdə yaşayanda vəziyyəti son dərəcə ağırlaşır. Hətta gündəlik çörək pulunu belə qazana bilmir. Bir gün Parisdən kənarda kiçik bir şəhərin küçələrini dolaşarkən Rusiyada oxuyarkən tələbəlikdən tanıdığı Xristoforla rastlaşır. Görüşüb öpüşür, hal-əhval tuturlar. Yusif deyir:

– Bizə 17 il əvvəl desəydilər ki, Xristoforla Fransada görüşəcəksiniz, inanmazdıq. Gör, həyat nə qəribədir?! Harada, nə zaman görüşdük...

Xristoforun da imkansız vaxtı imiş. Hər ikisinin cibi boş, qarnı ac. Dostu Yusifdən pul almağa ümid yeri olub-olmadığını soruşduqda, o, deyir:

– Burada qaçqın bir rus mühəriri var. Qəzetlərdən birinə “Şərq məktubları” yazır. Faktları, məlumatları məndən aldığından qazancının 25 faizini mənə verir.

Xristofor gülümsəyir. Beləliklə, dostlar həftədə bir dəfə görüşüb o 25 faizin hesabına doyunca çörək yeyirlər.   

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat