Rənglərin “Zamanla dialoq”u

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tanınmış rəssamın əsərlərinin bənzərsizliyi ilə seçildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, onun əl işlərində həyatın mənası, görüb-duyduğu dünyası əks olunub.

Xalq rəssamı Natiq Əliyev bildirib ki, Tofiq Ağababayevin həm onun həyatında, həm də 1980-ci illərdə fəaliyyət göstərən rəssamların həyatında müsbət mənada əvəzsiz rolu olub. 

Xatırladaq ki, Tofiq Ağababayev 1946–1951-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. O, 1953–1959-cu illərdə Baron Ştiqlist adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib.

Xalq rəssamı monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində bir çox əsərlər yaradıb: “Azərbaycan lirikası” triptixi, Bakı Dövlət Sirkində “Azərbaycan sirki” mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb.

XQ

 

Sosial həyat