Mingəçevirlilərin yubileyə “yaşıl” töhfəsi

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar  Mingəçevir şəhərində həyata keçirilən silsilə tədbirlər sırasında ağacəkmə kampaniyası da yer alır. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif ərazilərində bu kampaniya uğurla davam edir.  Növbəti  ağacəkmə kampaniyası Heydər Əliyev prospekti ərazisindəki Heydər Əliyev Xiyabanında həyata keçirilmişdir. Mingəçevir ŞİH aparatının məsul əməkdaşları, 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, yaşıllaşdırma və sanitar təmizlik idarəsinin kollektivi, şəhər fəalları, mətbuat işçiləri ağacəkmə kampaniyasında yaxından iştirak ediblər. Gün ərzində ərazidə 118 ədəd sərv ağacı əkilib. Qeyd etmək yerinə düşər ki, ərazidə olan fiziki cəhətdən ömrünü başa vurmuş ağacların bir çoxu kəsilmiş, budanmış, ərazi başdan-başa səliqəyə salınmışdır. Yaşıllaşdırma və sanitar təmizlik idarəsi kollektivinin səyi nəticəsində əraziyə su xətləri çəkilmiş, ağacların vaxtlı-vaxtında suvarılması üçün tədbirlər görülmüşdür. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə iştirak edənlər qarşısında çıxış edərək Ulu öndərin anadan olmasının 100 illiyi münasibəti ilə cari ilin əvvəlindən bəri keçirilən aksiyalarda şəhərin bütün idarə, müəssisə və təşkilat kollektivlərinin fəallıqla iştirak etdiyini təqdirəlayiq hal kimi dəyərləndirib və bu işin ardıcıl olaraq davam etdiriləcəyini bildirib. İlin əvvəlindən bu günədək şəhərin ayrı-ayrı yaşıllıq zolaqlarında 10 mindən çox müxtəlif növ ağac tinglərinin və eyni zamanda, dekorativ güllərin əkildiyini diqqətə çatdırıb. Şəhər rəhbəri vurğulayıb ki, bütün bunlar Ulu öndərə olan hörmət və ehtiramın əlamətidir. Ölkəmizin inkişafı və tərəqqisi, həmçinin nur şəhərinin gözəlləşməsi, bugünkü yüksəlişi Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, tapşırıq və tövsiyələri  ilə reallaşır. 

Bu yaxınlarda 75 illiyini qeyd etdiyimiz şəhərimizin gözəlləşməsi  şəhər sakinlərinin ürəyincədir. Qeyd etmək yerinə düşər ki, hazırda şəhərin bütün ərazilərində abadlıq-quruculuq işləri geniş vüsət alaraq həyata keçirilir, məhəllələrdə, küçələrdə, park və istirahət məskənlərində  quruculuq işləri durmadan davam etdirilir. İşıqlanma sistemi yenilənir, kanalizasiya sisteminin çəkilişindəki işlərin böyük hissəsi başa çatıb. Bir sözlə, Mingəçevir yeniləşir və gözəlləşir.  

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mingəçevir

 

Sosial həyat