Gəncədə növbəti səyyar qəbul

post-img

 Gəncədə şəhərin müxtəlif yaşayış massivlərində şəhər rəhbərliyinin əhali ilə keçirdiyi görüşlər ənənə şəklini alıb. Növbəti belə bir görüş-səyyar qəbul şəhərin 13 nömrəli tam orta məktəbində baş tutub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvə önünə tər çiçəklər düzülüb. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, məktəblərin qarşısında olan yerüstü piyada keçidlərinin rənglənməsi, qəsəbələrə yeni marşrut xətlərinin açılması kimi məsələlər üstünlük təşkil edib.

Bir çox məsələ yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.

Sakinlər  “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində şəhərdə  asfalt örtüyünün bərpa edilməsi, küçələrin işıqlandırma sistemlərinin yenilənməsi ilə bağlı görülən işlərə görə şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Niyazi Bayramov icra olunan infrastruktur layihələrin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə olan diqqət və qayğısının nəticəsi olduğunu qeyd edib, həyata keçirilən abadlıq və quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.

                   Hamlet Qasımov, 

XQ-nin bölgə müxbiri

Gəncə  













Sosial həyat