Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

post-img

Bu il ömrünü millət və dövlətə xidmətə həsr etmiş, Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamı tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir və dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin münasibətinin parlaq təcəssümüdür. 

Ulu öndər bütün dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçi idi. Bu zirvəyə aparan yolun başlanğıcında tək özü idi. Böyük Azərbaycan sevgisi və xalqına həsr etdiyi əzmkar ömür bu yoldan keçirdi. Heydər Əliyev özü də dediyi kimi “Mənim ömrüm həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur”. O, canından artıq sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik, bəşəri-milli dəyərlərə sadiq, sivil və müstəqil Azərbaycan bəxş etdi.  Xalqımızın Ümummilli lideri tükənməz istedadını, biliyini, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf etmiş, xalqın xilaskarı olmuşdur.

Sovet Azərbaycanına rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu dövrlərdə Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafına, onun Sovet İttifaqı məkanında öncül yerə çıxmasına, hüquq-mühafizə və xüsusi xidmət orqanlarında milli kadrların çəkisini artırmaqla, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafına böyük qayğı göstərməklə, Azərbaycanın milli ruhlu ziyalılarını, yaradıcı insanlarını qorumaqla, milli azərbaycanlı hərbçi kadrların yetişməsi üçün hərbi məktəblərin təşkili və digər vasitələrlə gələcəkdə Azərbaycanın müstəqil dövlət, suveren ölkə kimi mövcud olması üçün zəminlər hazırlayırdı.

Heydər Əliyev təcrübəsi və müdrikliyi ilə ilk növbədə daxili ictimai-siyasi sabitliyi təmin etməyə nail oldu. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanı əsasında cinayətkarlıqla mübarizə gücləndirildi, özbaşınalığın, anarxiyanın qarşısı alındı. Ölkədə  bazar münasibətlərinin və azad sahibkarlıq prinsipinə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində geniş tədbirlər, dövlət əmlakının özəlləşdirilməsi, torpağın əvəzsiz olaraq kəndlinin mülkiyyətinə verilməsi kimi cəsarətli islahatlar həyata keçirildi.

Ölkənin hüquqi sistemi yenidən quruldu, Azərbaycan Respublikasının ilk Konstitusiyası layihəsi Heydər Əliyevin rəhbərliyi ilə hazırlandı və 1995-ci il 12 noyabr tarixində referendumla qəbul edildi. Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, hakimiyyətin bölgüsu, hüququn aliliyi, mülkiyyətin bütün növlərinə bərabər hüquqi status verilməsilə onun toxunulmazlığı və sair mütərəqqi bəşəri dəyərlərin əsas insan hüquq və azadlıqlarının hamısının təsbit olunduğu, Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi Konstitusiyada öz əksini tapmışdır.

“Ədaləti ədalətsizliklə bərpa etmək olmaz", - deyən Ulu öndər hüquqi islahatlara, qanunvericiliyin yeniləşdirilməsi və təkmilləşdirilməsinə daim xüsusi fikir vermişdir. Heydər Əliyevin rəhbərliyi altında keçirilən islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin dövlət idarəçiliyində rolu əhəmiyyətli dərəcədə artmış, fəaliyyət dairəsi genişlənmişdir. Ədliyyə işçilərində əlavə stimul yaradan 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü də məhz Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsis edilmişdir. Hüquqi varislik prinsipini daim əsas götürən Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycan Respublikasının ədliyyə işçilərinin peşə bayramı günü məhz Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün seçilmişdir.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində olduğu kimi hüquq siyasəti sahəsində də Ulu öndərin inkişaf strategiyası uğurla davam etdirilərək mütərəqqi islahatlar həyata keçirilməklə ölkəmizin bütün sahələri kimi ədliyyə sahəsi də təkmilləşdirilib. Mütərəqqi islahatlar nəticə etibarı ilə hüququn aliliyinin, insanların hüquq və azadlıqlarının, onların qanuni mənafelərinin daha etibarlı təmin olunmasına xidmət edir.

Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ümummilli liderimiz deyirdi: "Müstəqil Azərbaycan böyük gələcəyi var. Mən bu gələcəyə inanıram". Bu gün hər bir vətəndaş onun inamının şahidi olmaqdadır. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz, sarsılmaz olduğuna inamındandır ki, Heydər Əliyev haqlı olaraq demişdir: "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" Bəli, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Ayaz Salehov, 

Ağdaş rayon notariat ofisinin xüsusi notariusu 

 

Sosial həyat