Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü bu ay istifadəyə veriləcək

post-img

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün konstruksiyaları tamamlanıb. Hazırda körpünün yolla birləşən hissələri, piyada keçidləri, istinad divarları və mühafizə bəndləri qurulur.

Yeni avtomobil körpüsünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulsa da, tikinti işləri dekabrın ikinci ongünlüyünə kimi davam edəcək.

İş icraçısı Musayəddin Qurbanov bildirib ki, körpünün avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsində işlər yekunlaşıb. Yolla birləşmələrin tikintisi başa çatdıqdan sonra körpünün hərəkət hissəsinə asfalt döşənəcək.

“Piyada keçidlərinin tikintisi də yekunlaşmaq üzrədir. İki-üç gün ərzində piyada keçidlərin məhəccərləri yerinə quraşdırılacaq. Demək olar ki, əsas işimiz yekunlaşıb. Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin tikintisini davam etdirəcəyik. İstinad divarları və bəndlər körpünün dayaqlarını sel sularından qorumaq üçüb olduqca vacibdir”, - deyə M.Qurbanov söyləyib.

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.

Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, körpünün tezliklə istifadəyə verilməsi üçün bütün qüvvələr səfərbər olunub: “İşlər sürətlə aparılır. Dekabr ayının ikinci ongünlüyündə körpünün istifadəyə verilməsi nəzərdə tutulur”.

Yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.



Sosial həyat