Yalçın müəllimin yaşıl işığı…

post-img

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat etdi: bu açı xəbər onun yetirməsi olan yüzlərlə insanı acıtdı

Bütün taleyini jurnalistka ilə bağlayan Yalçın müəllim BDU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, daha sonra  fakültəninin əyani aspiranturasında təhsil alıb. Müdafiədən sonra əmək fəaliyyətini universitetdə  müəllim, baş müəllim, dosent kimi davam etdirib. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri olub, Jurnalistika fakültəsinin kafedra müdiri və dekanı vəzifələrində çalışıb.

Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental  araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi idi. 

Ən önəmlisi isə o, adları Azərbaycan jurnalistikası tarixinə əbədi yazılmış Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov, Nəsir Əhmədli kimi şəxsiyyətlərdən idi və hər zaman dürüst, tələbkar və qayğıkeş insan kimi yad edilib. Yaddaşlara həkk olunan bu sloqan onun həyat amalı idi. Aşağıda yetirmələrindən birinin – BDU-nun  Jurnalistika fakültəsinin kafedra müdiri  Aynur Nəsirovanın müəllimi haqqında yazdıqlarını təqdim edirik.


Yalçın Əlizadə... Bu ad və soyad 29 il əvvələ aparır məni: 1994-cü il, 1-ci kurs, 2-ci semestr, ixtisaslara seçim üçün müsahibə mərhələsi. Qrupumuzda çoxları Televiziya və radio jurnalistikası kafedrasına düşmək üçün can atırdı. Kafedra müdiri Yalçın Əlizadənin zəhmi hamımızı qorxutsa da, televiziya və  radioya olan həvəs bu qorxuya qalib gəlirdi. Aydın məsələ idi ki, istəyənlərin hamısı arzusuna çatmayacaq. Başqa ixtisaslara düşənlər də olacaq. Ancaq yenə də heç kim özünü şanslıların qrupunda görmək həvəsindən əl çəkmirdi. Mən şanslılardan oldum. 

Məhz həmin həvəsin nəticəsidir ki, 29 ildir zəhmindən qorxduğum insanın - Yalçın müəllimin göstərdiyi yol və bu yolda yandırdığı yaşıl işıq sayəsində Jurnalistika fakültəsinin bir parçasıyam. Bakalavriat, magistratura, dissertantura... 

Hər üç pillədə elmi rəhbər kimi məhz Yalçın müəllimin məsləhətlərindən yararlanmışam. “Hər kim 100 il yaşamasa...” (Mirzə Babayev və Nəsibə Zeynalova ilə müsahibə) başlıqılı diplom işi işləmək istəyimə qarşı çıxmasa da, siyahıda diplom rəhbəri kimi Yalçın müəllimin adını oxuyanda - “bu çox çətin olacaq”,- fikirləşmişdim. Düşündüyüm kimi də oldu. Korifeylərə ünvanlayacağım suallara görə üç ay ayaq döydüm dekanlığa. Üstəlik həmin dövrdə hər iki xalq artistinin səhhəti o qədər də yaxşı deyildi. Narahatlığım öz işimlə yanaşı, həm də onların səhhəti ilə bağlı idi. Bunların üzərinə Yalçın müəllimin tələbkarlığını da əlavə edəndə, situasiya daha da dramatikləşirdi. Amma geriyə yol da yox idi. Yalçın   Əlizadəyə veriləcək hesabatdan nəinki yayınmaq, heç bu barədə düşünmək də ağlasığmaz məsələ idi. Tələbə-jurnalist kimi işin məsuliyyəti məni çox qorxutsa da, bütün çətinliklərə baxmayaraq, nəhayət veriliş Yalçın müəllimin imtina etməyəcəyi səviyyədə hazır oldu və Azərbaycan radiosunun “Musiqili görüşlər” proqramında efirə verildi...  

Magistraturanı bitirdikdən sonra Yalçın müəllim mənə dissertant olmaqla yanaşı fakültədə işləməyi təklif etdi. Jurnalist fəaliyyətimi davam etdirmək istəyində olduğumu bildirdim. Etiraz etmədi, amma razılaşdıq ki, elmi fəaliyyətimi də davam etdirəcəm. Qısa müddət ərzində bir sıra  çap  və  elektron mediada -  televiziyada çalışdım. Az sonra fakültəyə Tədris Televiziya Studiyasının müdiri kimi qayıtdım. Dissertant olaraq dəyişməz elmi rəhbərimlə mövzu üzərində məsləhətləşmələrə də elə o vaxtdan başladıq.  

Artıq Yalçın Əlizadə Jurnalistika fakültəsinin dekanı, mən isə müəllim idim. Onu tanıyanlar nə qədər tələbkar olduğunu çox gözəl bilirlər. Heç yadımdan çıxmaz, sənədlərimlə bağlı rektorluğa getdiyim üçün dərsə 5 dəqiqə gecikdim. Fikirləşirdim, dərsə gecikməyim problem olmaz. Amma dəhlizdə məni gözləyən dekanı görəndə yanıldığımı  anladım. Düşündüyüm kimi də oldu, auditoriyaya göz yaşlarımı silərək daxil oldum. Dərs bitdi, dəhlizə çıxdım, yenə qarşımda Yalçın müəllimi gördüm, amma tamam fərqli əhvalda. Otağına çağırdı, sanki bir saat əvvəlki adam deyildi. Dörd ildən artıq idi müəllim kimi hər gün auditoriyaya girsəm də, ancaq o zaman anladım bu peşənin gerçək məsuliyyətini. 

Müəllimimin növbəti etimadını BDU-da vəzifədə olanların dərs yükünün azaldılması ilə bağlı qərar çıxarkən gördüm. Məzuniyyətdə olarkən fakültədən zəng edib, “təcili Yalçın müəllimin  yanına gəlin”, dedilər. Düzü, elmi işimlə bağlı problem olduğunu düşündüm. Lakin yanılmışdım. Yalçın müəllim Televiziya və radio kafedrasının iki əsas fənnindən birini, illərdir özünün tədris etdiyi “Radio jurnalistikasının əsasları” fənninin yeni tədris ilindən mənə verildiyini dedi. Əlavə etdi ki, bir aya yeni mühazirələrlə səni gözləyirəm. Heç gözləmədiyim təklif olduğu üçün imtina etdim. Nə qədər  “hazır deyiləm”, “çox az vaxt qalıb” və digər bu kimi bəhanələr gətirsəm də, dərsə gecikdiyim zaman gördüyüm ciddiyyətlə məni susdurdu...

Xəstəliyi ilə əlaqədar fakültədən uzaqlaşdığı zamanlarda belə, Yalçın müəllim öz tələbələrindən dəstəyini əsirgəmədi. Magistratura səviyyəsində dərslərə girmək üçün elmi dərəcəm olmasa da, Yalçın müəllim yenə də yaşıl işığını yandırdı. Səhhəti ilə əlaqədar dərslərdən imtina edərkən, "magistraturadakı dərslərimi Aynura verin" dedi... 

Sonuncu uğurumu – Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafderasının müdiri vəzifəsinə sənədlərimi verməzdən əvvəl Yalçın müəllimə zəng vurub, “müəllim, proqnozlarınız həmişə olduğu kimi yenə də özünü doğruldur, deyəsən...” deyəndə bir dəqiqəlik sükutunda bir daha hiss elədim Ustadın böyüklüyünü.  

Yalçın müəllim heç vaxt dəyişmədi. Öz müəllim qüdrətini, böyüklük keyfiyyətini, bir insan kimi müsbət tarazlığını həmişə qoruyub saxlaya bildi. Əslində Yalçın Əlizadə bu keyfiyyətləri özündə sonradan, süni şəkildə yaradıb formalaşdırmamışdı. O elə əvvəldən belə idi: dürüst, tələbkar və qayğıkeş. Elə bu cür olduğuna görə də istər dekan olduğu dövrdə, istərsə də indi əsl müəllim olaraq qəbul edilən insanlardandır Yalçın Əlizadə. 

Mənim üçün açdığı yolda addımlayarkən düşünürəm ki, Yalçin Əlizadə özündən sonrakı illərin Jurnalistika fakültəsini də formalaşdırdı. Bu günsə tək mənə yox, fakültənin bir çox əməkdaşlarına yaşıl işıq yandıran Ustadla vidalaşırıq.... Bir il yarım əvvəl Nəsir Əhmədli ilə vidalaşadıq, indisə bu cismani ayrılıq onun payına düşdü. Məkanınız cənnət olsun, Ustad!!!   

Aynur Nəsirova,

BDU  Jurnalistika fakültəsi

Beynəlxalq junalistika və informasiya siyasəti kafedrasının müdiri. 

Sosial həyat