Şimali Kiprdə “Azərbaycan günü”

post-img

Şimali Kipr Türk Respublikasının Girne şəhərində yerləşən Doktor Fazil Küçük adına ibtidai məktəbdə “Azərbaycan Günü” keçirilib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan izdihamlı tədbirdə məktəbin müəllim-şagird heyəti iştirak edib.  

Tədbirdə çıxış edən cəmiyyətin sədri Orxan Həsənoğlu üç qardaş ölkə olan Azərbaycan, Türkiyə və Şimali Kiprin ortaq mədəniyyətindən, Türkiyə-Azərbaycan birliyinin bütün dünyaya nümunə olmasından söz açıb. 

“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mərkəzində qardaş respublikalarla hərtətəfli qarşılıqlı iş birliyi dayanır. Artıq ölkəmiz öz maddi-mənəvi imkanlarını qardaşları ilə paylaşır. Azərbaycanın Qarabağ zəfərindən sonra öz suveren ərazilərini bərpa etməsi bütün dünya türklərini sevindirir. Biz bu gün 1500-ə yaxın soydaşımızla birlikdə Şimali Kipr Türk Respublikasında yaşayırıq. Kipr təhsil sektorunda öz peşəsinə hakim yaxşı müəllimlər çalışır. Onların bu ölkənin elminə töhfəsi danılmazdır. Burada yaşayan soydaşlarımız cəmiyyətdə böyük nüfuz sahibidirlər”, - deyə cəmiyyət sədri diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycan haqqında kiprli şagirdlərdə təsəvvürlərin formalaşması baxımından cəmiyyət mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsini nəzərdə tutub. Bu məqsədlə artıq respublikanın Təhsil Naziriyi ilə birlikdə layihələr hazırlanır.  

Cəmiyyətin üzvü, rəssam Pəri Balayeva uşaqlarla bilikdə müxtəlif rəsmlər çəkiblər. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin nəzdində yaradılmış Lütfi Zadə Robot Texnologiyalar Mərkəzinin əməkdaşı Damla Dönerkaya müxtəlif robotların köməyi ilə proqramların hazırlanmasını göstərib və şagirdlərə təlimlər keçib.

Tədbir çərçivəsində müxtəlif əyləncələr, ölkəmizdən və türk xalqlarından bəhs edən kitabların, suvenirlərin nümayiş etdirildiyi Azərbaycan güşəsi təqdim olunub.

Məktəblilər böyük maraqla Azərbaycandan bəhs edən kitablarla tanış olublar və türk xalqlarına məxsus əyləncəli oyunlara qatılıblar.

Anar ƏLİ

XQ



Sosial həyat