“Diplomatiya aləmi” jurnalının yubiley buraxılışı

post-img

Azərbaycan Xarici İşlər Nazirliyinin “Diplomatiya aləmi” jurnalının 59-cu xüsusi buraxılışı işıq üzü görüb. Jurnalın budəfəki xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı ilə başlayan xü­susi buraxılışda, həmçinin ölkəmizin bir sıra dövlət rəsmilərinin, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovun, ədliyyə naziri Fikrət Məmmədovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitə­sinin sədri Mübariz Qurbanlının, Döv­lət Neft Şirkətinin (SOCAR) sabiq bi­rinci vitse-prezidenti, mərhum Xoşbəxt Yusifzadənin, Milli Məclisin üzvü Musa Qasımlının, habelə Elm və Təhsil Na­zirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərlinin (İma­nov) məqalələri dərc olunub.

Xüsusi buraxılışda, eyni zamanda, xarici ölkələrin bir sıra dövlət xadimlə­rinin, o cümlədən Moldovanın keçmiş prezidenti Petru Luçinskinin, Gürcüs­tanın xarici işlər nazirinin birinci müavi­ni Laşa Darsalianın, keçmiş Yuqoslavi­ya Sosialist Federativ Respublikasının son xarici işlər naziri Budimir Lonçarın, Ankara Universitetinin rektoru Necdet Ünüvarın, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovun və digərlərinin ulu öndər Heydər Əliyevlə bağlı xa­tirələrinin əks olunduğu müsahibə, məqalə və çıxışlar əksini tapıb. 

XQ

Sosial həyat