Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə Laçında “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu – Peşə və bacarıqların inkişaf etdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, artıq Laçına köçürülən sakinlərdən 266 nəfərin məşğulluğu təmin edilib. Əlavə olaraq 53 şəxsin də məşğulluq məsələlərinin həlli istiqamətində tədbirlər görülür.
Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin peşə hazırlığına cəlbi əsas məşğulluq tədbirlərindən biridir və ilkin mərhələdə azad olunan ərazilərdə məskunlaşacaq 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Artıq Zəngilan rayonunun Ağalı kəndində 31 nəfər dərzi peşəsi üzrə kurslara cəlb olunub və kursun yekununda işlə təmin edilib. Digər ərazilərə köçürülən şəxslərin də peşə hazırlığına cəlbi istiqamətində tədbirlər görülür.
Zərifə HÜSEYNOVA
XQ