BMT-nin saytında Azərbaycanın məşhur futbolçularının uşaqları mina təhlükəsindən qorumağa kömək etməsi barədə yazılıb

post-img

“Azərbaycan: məşhur futbolçular uşaqları mina təhlükəsindən qorumağa kömək edirlər”. BMT-nin saytında dərc edilmiş, UNICEF və tərəfdaşlarının mina təhlükəsi və müharibənin digər qalıqları ilə bağlı maarifləndirmə üzrə layihəsindən bəhs edən məqalə belə adlanır.

AZƏRTAC həmin məqaləni təqdim edir: “On dörd yaşlı Yusif UNICEF və tərəfdaşlarının mina təhlükəsi və müharibənin digər qalıqları ilə bağlı maarifləndirmə üzrə layihəsi çərçivəsində məşhur futbolçu Tural Rzayevlə tanış olan 250 azyaşlıdan biridir. Çoxillik münaqişədən sonra Azərbaycan regionun ən çox minalanmış ölkəsinə çevrilib.

Minalar və başqa partlayıcı qurğularla bağlı risklərin azaldılması layihəsi BMT-nin Uşaq Fondu, Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA), yerli futbol klubları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən birgə həyata keçirilir. Futbolun ölkədə populyar olmasından istifadə edən proqramın təşkilatçıları uşaqları və onların doğmalarını minalardan və müharibənin başqa qalıqlarından necə qorunmaq barədə məlumatlandırırlar. Yusif deyir: “Məşğələdə mən minalar haqqında, partlayıcı qurğunu aşkar etdikdə necə davranmaq barədə çox şey öyrəndim. Biz 805, 102 və ya 112 telefon nömrələrinə zəng vurmalıyıq”.

Treninqlərdə futbolçular və digər idmançılar iştirak edirlər. Onlar uşaqlara həyatlarını xilas edəcək bilikləri aşılayır. İnnovativ yanaşmalar vasitəsilə tərtib olunmuş proqramlar maarifləndirməklə yanaşı, həm də gələcək liderlər nəslinin, dəyişikliklərin lokomotivlərinin inkişafını stimullaşdırır.

On iki yaşlı Zəhranın yaşadığı Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı bütün ərazi minalarla çirklənib. Müharibənin təhlükəli izləri yerli sakinlər üçün daimi təhlükə yaradır. Son iki ayda burada minalarla bağlı iki insident baş verib, nəticədə insanlar həlak olub və yaralanıb.

Zəhra deyir: “Böyüyəndə həkim olmağı arzulayıram. Yaralılara, xüsusən də minalardan xəsarət alanlara kömək etmək istəyirəm”. İllərlə davam edən münaqişədən sonra Azərbaycan regionun minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. Ərazini bütün minalardan təmizləmək və uşaqlar üçün təhlükəsiz etmək üçün onilliklər lazım olacaq.

Son üç il ərzində minalar 65 nəfərin ölümünə, 9-u uşaq olmaqla 269 nəfərin yaralanmasına səbəb olub. UNICEF-in qeyd etdiyi kimi, təhsil proqramları olmadan, qurbanların sayı yaxın illərdə, xüsusən də məcburi köçkünlərin öz evlərinə qayıtmağa başlaması fonunda ancaq artacaq.

2022-ci ildə icrasına başlanan layihə son iki ildə 120 mindən çox uşağın təhsil almasına kömək edən UNICEF-in təhsil proqramlarının bir hissəsi oldu.

“Kəpəz” futbol klubunda çıxış edən futbolçu Tural Rzayev deyir: “Hesab edirəm ki, uşaqlar üçün, xüsusən də əvvəllər təmas xəttində yerləşən ərazilərin sakinləri üçün belə tədbirlər son dərəcə vacibdir”. O əmindir ki, idman gənclər üçün xüsusi maraq kəsb edir və bundan biliklərin yayılması məqsədilə istifadə edilməlidir.

“Futbolçular minalar haqqında hər şeyi bilməlidirlər. İdmançılar ölkə daxilində çox səyahət edirlər və əsas fəaliyyətlərini insanları minalar və bununla bağlı risklər haqqında maarifləndirmə ilə birləşdirə bilərlər”, -deyə Rzayev qeyd edir.

Hər bir məşq proqramı əhalini maarifləndirmək üçün münaqişədən təsirlənmiş ərazilərə səfər edən bir tanınmış idmançının çıxışı ilə açılır. Dərsin sonunda uşaqlar əyani materiallardan ibarət bel çantası alırlar. “Ümid edirəm ki, bu təlimlər davam etdiriləcək, çünki onlar çox mühüm rola malikdir”, – deyə Tural Rzayev bildirir. Onlar gənc nəslin təhlükəsizliyini təmin etməyə kömək edir."



Sosial həyat