Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram dinindən, dilindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Ulu Öndərin zamanında daha yüksək səviyyəyə qaldırılaraq, ümumdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti kimi həyata keçirilməyə başlanıldı.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 16-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda deyib.
Şeyxülislam qeyd edib ki, “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” söyləyən Ulu Öndərimiz Azərbaycanda yaşayan müxtəlif konfessiya rəhbərləri ilə çoxsaylı tədbir və görüşlərində multikulturalizm siyasətinin bünövrəsini qoyurdu. Məhz Ulu Öndərin zamanında dünyanın nüfuzlu siyasətçiləri ilə bərabər, nüfuzlu dini liderləri də tolerantlıq məkanı olan Azərbaycana təşrif buyurmağa başladılar.
“Ümummilli Lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan, onun irsi və siyasəti etibarlı əllərdədir. Bu şanlı yolun davamçısı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevadır. Mən bunu Allah-Təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm. Ulu Öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Allaha şükürlər olsun ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin bu arzusunu, ata vəsiyyətini gerçəyə çevirdi. Xalq, dövlət olaraq qazandığımız bütün qələbələr, Vətən müharibəsində qazandığımız Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir”, - deyə QMİ sədri vurğulayıb.