Görkəmli rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə kətan üzərində yağlı boya ilə çəkdiyi “Göyçay bağlarında” tablosunda xalça üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Özünəməxsusluğu ilə seçilən əsər rəssamın yaradıcılğında xüsusi yer tutur.
Xalq rəssamı narın vurğunu olduğunu əsərlərində dəfələrlə bu meyvəyə müraciət etməklə bizə çatdırıb. Əbəs yerə deyil ki, rəssam bəzi tablolarında soyadını “Narimanbəyov” kimi qeyd edib.
Natürmort janrında çəkilmiş bu əsər rəngarəngliyi ilə göz oxşayır. Tabloda qırmızı nar və yerə sərilmiş xalça isə diqqətdən qaçmır. Məharətlə hazırlanmış əsərin düzgün rəng seçimi əsərə yüksək canlılıq verir. Elə ona görədir ki, biz əsəri seyr edən zaman özümüzü o yaşıllıqda, nar ağacının yanında təsvir edə bilirik.
Tünd yaşıl, qırmızı, sarı rənglərin ahəngi isə əsərdə diqqəti daha da cəlb edir. Bir sözlə, deyə bilərik ki, sənət nümunəsində həm isti, həm də soyuq rənglərin ahəngini görmək mümkündür. Rənglərin bir-birini tamamlaması əsərdə xoş, səmimi əhval yaradıb.
Bu ahəngə yarpaqların zümrüd yaşıllığı, zərif naxışlarla bəzənmiş xalça, o cümlədən, mis qablar da qoşulur. Doğma Azərbaycanımızın gözəlliyini, füsunkarlığını özündə əks etdirən tablo hazırda Azərbaycan Mədəniyyət Nazirliyində saxlanılır.
Leyla HADİ,
tələbə-jurnalist

