Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli billdirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət saatda 110 kilometr təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər.
A.Nəcəfli sonra bildirib ki, yoldan istifadə edən şəxslərin qovşaqlara qalxmaq, daxil olmaq üçün sürət limiti saatda 90 kilometr olaraq tənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsiz yolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürəti aşağı sala bilməz.
XQ

