Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab edir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Cümhuriyyətin 100 illiyini 85 milyonluq əhalimizlə məna və əhəmiyyətinə uyğun gələn böyük qürurla qeyd etdik. Boğaziçi paradımız donanmamızın gücünü nümayiş etdirməklə yanaşı, mühüm strateji mesajlar da ehtiva edirdi. Məlumatı “Anadolu” verib.

Ərdoğan deyib: “Bu gün 100 illik yubileyini qeyd edən Türkiyə Cümhuriyyəti heç vaxt olmadığı qədər güclü, təhlükəsiz və hörmətlidir. Türkiyənin əsrini böyümə, inkişaf və sülh əsrinə çevirəcəyimizə, həqiqətən, inanıram”.

Prezident Ərdoğan İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyata toxunaraq bildirib: “Avropa və Amerikanın qeyd-şərtsiz dəstəyindən istifadə edən İsrail 25 gündür bütün dünyanın gözü qarşısında insanlığa qarşı cinayətlər törədir”.

Xərçəng xəstələrinin müalicəsi ilə məşğul olan Türkiyə-Fələstin Dostluq Xəstəxanasının vurulmasına toxunan prezident əlavə edib: “Qəzzada törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidirlər”.

Onun sözlərinə görə, Qərb dünyası, xüsusilə də Avropa ölkələri Qəzzada insanlıq sınağından növbəti dəfə uğursuz çıxıb: “Türkiyə regionun subyektləri ilə əməkdaşlıq edərək yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab edir, bu addımın atılacağı təqdirdə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, - deyə Ərdoğan bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya