Haqqın var yaşamağa...

post-img

Məmməd Araz – 90

Elə bir qələm tutan, söz xiridarı yoxdur ki, onun şeirlərini əzbər bilməsin. Kitabları hər zaman masamızın üstündə, misraları dilimizin əzbərində olub. Bu gün də oxuyuruq, sevə-sevə sitat gətiririk. Haqqı var yaşamağa, bu əbədiyyəti öz sözü, qələmi, şəxsiyyəti ilə qazanıb Xalq şairi Məmməd Araz.

Yubileyi ərəfəsində onu şəxsən tanıyan, adına ustad deyən qələm­daşları ilə xatırladıq:

Yazıçılar Birliyinin sədr müavini: 

–“1982-ci ildə ilk dəfə Aqil Abbasın vasitəsilə Məmməd Arazı gördüm. Təəssüf ki, bu görüş onun sağlam, gur səsi ilə şeir deyən vaxtına yox, artıq xəstələnmiş halına təsadüf etdi. Mənim sevimli şairim idi, “Dünya sə­nin, dünya mənim” kitabını başdan-a­yağa əzbər bilirdim. “Qonşu çəpəri”, “Mehmanxana xidmətçisi” kimi böyük şeirlərini indi də eşidəndə söyləyənə qoşulub əzbərdən deyirəm. 

1984-cü ildə Aqil Abbasla mən Məmməd Arazı ailəsi ilə birlikdə Ağda­ma apardıq. O vaxtkı Bakı–Xankəndi qatarına Ağdama qədər bilet aldıq, Gülxanım xanım, İradə xanım, ba­laca Toğrul və Tuncayla Ağdama gəldik. Aqilin atasıgildə qalırdılar və Məmməd Araz Ağdamda bircə bizə qonaq gəldi. Atam Ağdamda şəhər ticarətinin müdiri idi, kitab oxuyan, ziyalı adam olub. Evimizin bir divarı kitab rəflərindən ibarət idi. Məmməd Araz bu mənzərəyə heyrətlənmişdi. Ordan Şuşaya getdik, Cıdır düzünü, İsa bulağını gəzdik. Məmməd Araz o vaxta qədər də oralarda olmuşdu, amma İsa bulağına düşmədi, maşın­dan baxdı. Nə qədər dedik, düşmədi, “görən olar”– dedi. Sonralar anladım ki, oralarda şux vaxtlarında olub, şeir məclislərində çıxışlar edib, indi isə səsinin xırıltılı ilə çıxan halında onu kimsənin görməyini istəməyib. Həmin yerdə bir bənd şeir də demişdim:

İsa bulağının sərin suyundan

Yaxın gəl, əyil iç, bu da bir dərman.

Yaxın gəl bir az, bu səs-küydə səni

Şair Məmməd Araz, tanıyan olmaz. 

Bu şeir elə orda da bir bəndli qaldı mənim yaddaşımda. Həmin səhnə də gözlərimin önündən silinmir. 20 ya­şımda o səhnəni dərk etməyim müm­kün deyildi, sonralar anladım. Həmin illər Məmməd Arazın ən gözəl şeirləri qələmə alınıb:

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdin,

Bütün keçilməzliyi, vətən, adınla keçdim

Haqqın var, Məmməd Araz,

Haqqın var yaşamağa... 

Məmməd Araz dünyasını dəyişən gün mənim üçün çox ağır oldu. Yaşa­dığı evin həyətindəcə donub qalmış­dım. İradə xanımı görəndə günah­kar kimi baxdım, bu yaxınlarda bir məqaləsində yazmışdı ki, Rəşadın o gözləri yadımdadır. Bizim üçün böyük itki oldu onun yoxluğu, amma yaz­dıqları əbədi yaşayacaq, Azərbaycan ədəbiyyatına, dilinə töhfə verəcək. 

Yazıçı Seyran Səxavət: 

– “Məmməd Araz təpədən-dır­nağa söz idi, ona görə də bənzərsiz bir Azərbaycan şairidir. Odla-alov­la, sevgi ilə, darıxmaqla dolu adam idi. Bunlar hamısı onun gözlərindən oxunurdu. Bizdən 12 yaş böyük idi, amma bizə elə gəlirdi ki, Füzuli ilə yaşıddır. Gənclərə qarşı son dərə­cə diqqətli idi. Universiteti bitirəndən sonra mənim təyinatımı Bişkek şəhə­rinə vermişdilər, orda gündə 6 saat tərcümə ilə məşğul olurdum. Öz jur­nallarımıza abunə olmuşdum. Bir də baxdım ki, “Ulduz” jurnalında Məm­məd Arazın məqaləsi çıxıb. Yazır ki, Seyran Səxavət niyə ədəbiyyatdan qaçaq düşüb, görünmür? Bizim ədəbi nəsil onun gözündə gənc nəsil he­sab olunurdu. Nə boyda ürək sahibi olmalısan, özünə inamlı olmalısan ki, başqasının yazdığı bir gözəl şeirə özün yazıbsanmış kimi sevinəsən! Bunu ancaq bu misraları yazan edər:

İstedad dünyanı dolaşar, gəzər

Göyərdər toxumu daş üstündə də.

Onun istedadı daş üstündə göyərən istedadlardandır. 

Məmməd əmi haqqında xatirələ­rim bitməz. Azərbaycan poeziyasında onsuz çox böyük boşluq olardı. Mən onu çox sevirəm. Məmməd Arazdan xatirə olmaz, o, çox nəhəng biridir.

Şair Hidayət Elvüsal: 

– Məmməd Araz Kəlbəcərdə bi­zim qonağımız olub. Qardaşım, şair Sücaətlə dost idilər. Məndə bir dağ üstündə çəkilmiş şəkilləri də vardı. Məmməd əmi "Salamat qal", "Gələ­cəyəm, Tərtər çayı" və başqa şeirlə­rini bizdə qonaq olarkən yazıb, ümu­miyyətlə, bir silsilə şeir məhz orada yazılıb.

"Azərbaycan təbiəti" dərgisində bir yazımı dərc eləmişdi. "Ovçular evi"ndə yaradılmış təbiət muzeyin­dən yazmışdım. Görünür, çox təsirlə­nibmişəm. Qarşılaşanda gülümsədi:

– Kəlbəcər üçün elə mən də da­rıxmışam, – dedi. – Çox heyrətlə yaz­mısan. Muzeydən yox, muzeydəki qayalardan, dağlardan, bulaqlardan, elə bil heç görməmisən .

Sücaətlə həmişə maraqlanırdı. Məndən təzə şeirlərini istəyirdi. Ümu­miyyətlə, Kəlbəcəri çox sevirdi. Söz düşəndə xatirələrini danışırdı. Oralar işğal olunanda şair çox sarsılmışdı:

– Dünyanın bilmədiyi təbiət muze­yini xaraba qoyacaqlar, – dedi. 

Allah ona rəhmət etsin, yeri çox görünür.

 

Hazırladı:
R.QURBANLI XQ

Sosial həyat