Yaxın Şərq: sülh çağırışları artır

post-img

Bu istiqamətdə gözləntilər hələlik özünü doğrultmur 

Son günlər Qəzza zolağında gərginliyin eskalasiyası baş verir. Qlobal mediada bölgədəki ağır vəziyyətlə bağlı narahat xəbərlər dolaşır. Bir çox liderlərin sülh ilə bağlı səyləri hələlik real nəticə vermir. 

Dünən İsrail Müdafiə Ordusu HƏ­MAS-ın əsas aparıcı qüvvələrindən olan “Nuxba”nın komando mərkəzini dağıdıb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Bildirilib ki, son bir neçə saat ərzin­də yaraqlıların onlarla hərbi komandanlıq mərkəzi və minaatan məntəqəsi məhv edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl İsra­il Müdafiə Ordusu Qəzzada “Nuxba” ko­mando mərkəzinin komandiri Əli Qadinin öldürüldüyünü açıqlamışdı. HƏMAS rəh­bərliyi bu xəbəri nə təsdiq, nə də təkzib edib. Bu arada İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, müharibə ərazidəki bü­tün yeraltı tunellər və HƏMAS silahlıları məhv edilənə qədər davam edəcək.

Böyük Britaniyanın “The Times” nəşri isə bu və digər bəyanatlara əsasən iddia edir ki, İsrail Qəzzada güclü və davamlı müharibəyə hazırlaşır. Rəsmi Təl-Əviv bil­dirir ki, hazırda Həmasın əsirliyində 155-dən 199-a qədər girov var. İsrail hökuməti onların qeyd-şərtsiz azad edilməsini tələb edir. HƏMAS, öz növbəsində İsrail həb­sxanalarında 4 min 500-ə yaxın fələstin­linin saxlanıldığını iddia edir. 

Fakt budur ki, hər iki tərəfdən itkilər artır. Dünən axşam saatlarında yayılan məlumata görə, HƏMAS-ın bu il oktyabrın 7-də başladığı qəfil hücumdan ötən 10 gün ərzində 1400-dən çox İsrail vətəndaşı öldürülüb. İsrail Ordusunun cavab əməliy­yatları nəticəsində Qəzza zolağında 2 min 700-ə yaxın adam həlak olub. Ərazidə məskunlaşan ailələrin su, elektrik, ərzaq təchizatı dayandırılıb, internet və digər kommunikasiyalar işləmir. 

BMT rəsmisi bildirib ki, regionda gər­ginliyin azaldılması üçün davamlı müza­kirələr aparır. Hələlik real nəticələr yoxdur. 

Son günlər bir çox dünya liderləri HƏ­MAS–İsrail müharibəsinin dayandırılması üçün ciddi səylər göstərirlər. Dünən Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Su­nakla bölgədəki gərgin vəziyyəti müzakirə edib. Ankara ilk gündən sülh danışıqların­da vasitəçilik etməyə hazır olduğunu bil­dirib. Kreml də bu istiqamətdə xeyli fəal­laşıb. Dünən Rusiya Prezidenti Vladimir Putin Suriya və İran prezidentləri ilə da­nışıb. Onun dünən axşam Misir, Fələstin prezidentləri, eləcə də İsrailin baş naziri ilə telefon təmasları olmalı idi. 

ABŞ Prezidenti Cozef Baydenin isə oktyabrın 18-də İsrailə səfər edəcəyi bildirilir. Birləşmiş Ştatlar liderinin İsra­ilin Baş naziri Benyamin Netanyahu ilə görüşü gözlənilir. Ağ ev hələlik bu məlu­mata münasibət bildirməyib. ABŞ-ın döv­lət katibi Antoni Blinken isə son bir neçə gün ərzində Yaxın Şərqin bir neçə aparıcı ölkəsində səfərdə olub. Gündəmdə, təbii ki, müharibənin dayandırılması və sülh danışıqlarının başlanmasıdır. Ağ ev mü­naqişənin genişlənmək ehtimalından na­rahatdır. Blinken Təl-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə yenidən görüşüb. Görüşdə İsrailin xarici işlər naziri Eli Koen və digər rəsmi şəxslər də iştirak ediblər. Qeyd edək ki, A.Blinken bu ayın 13-də də İsraildə səfərdə olub. Rəsmi Va­şinqton HƏMAS-la müharibədə Təl-Əvivi tam dəstəklədiyini bildirir, eyni zamanda tərəfləri sülh danışıqlarına çağırır. 

Qəzza zolağında isə humanitar böh­ran günbəgün dərinləşir. Bir neçə gündür ki, bir sıra ölkələrdən bölgəyə göndərilən ərzaq və digər zəruri yardımlarla dolu maşınlar Misirin “Rəfah” keçid məntəqəsi qarşısında icazə gözləyir. Misir hökuməti çıxılmaz vəziyyətə son qoymaq üçün dip­lomatik səyləri artırdığını bildirib. Dünən Təl-Əvivdən Qahirəyə gələn Blinken jur­nalistlərə açıqlamasında bildirib ki, onun Misir Prezidenti Əl-Sisi ilə “çox gözəl da­nışıqları” olub: “Biz bunu həyata keçirdik, Misir Qəzza zolağındakı insanlara əhə­miyyətli maddi dəstək verdi və “Rəfah” yenidən açılacaq”. 

Bir çox ərəb dövlətləri İsraili cəza tədbirlərini gücləndirməkdə suçlayırlar. Məsələn, Misir Prezidenti hesab edir ki, İsrailin HƏMAS-ın hücumuna reaksiyası özünümüdafiə hüququndan “kənara çıxıb” və Qəzza zolağında 2,3 milyon insan üçün “kollektiv cəza”ya çevrilib. Misirin xarici iş­lər naziri Sameh Şukri isə CNN-ə müsahi­bəsində bildirib ki, əgər xarici vətəndaşlar İsrail tərəfdən sərhədi keçə bilsələr, Misir hökuməti onların vətənlərinə qayıtmaları­na kömək edəcək. 

Misirin Qızıl Aypara Cəmiyyətinin mə­lumatına görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Tunis və Ümumdün­ya Səhiyyə Təşkilatından yardım daşıyan 8 təyyarə bu günlərdə Sinay yarımadasın­dakı “Əl Ariş” hava limanına enib, 100-dən çox yük maşınından ibarət karvan isə sər­həddə Qəzzaya daxil olmaq üçün icazə gözləyir.

Göründüyü kimi, dünya birliyi Yaxın Şərqdə baş verən zorakılıqların fərqində­dir və münaqişənin danışıqlar yolu ilə həlli üçün çalışır. Təəssüf ki, diplomatik səy­lər hələlik real nəticə vermir. Ümid edək ki, sonda sağlam düşüncə üstün gələ­cək. Axı, ən kövrək sülh müharibələrdən, ölüm-itimlərdən daha yaxşıdır. 

M.HACIXANLI
XQ

Dünya