Gəlin sizə bir neçə gün öncə şahidi olduğum və məni təəssüfləndirən bir hadisəni nəql edim.
İstirahət günü rəfiqələrimlə görüşmək üçün “136” nömrəli avtobusa mindim. Sürücü yenə də telefonla danışaraq avtobusu idarə edirdi. Ürəyimdə onu məzəmmət edə-edə ətrafıma boylandım. Gözüm geyim-keçimlərindən qonaqlığa gedənə bənzəyən iki qadına və 11–12 yaşlarında olan oğlana sataşdı. Qadınlardan biri çantasından nəm salfet çıxarıb oğlana verdi ki, ayaqqabılarını təmizləsin. Anladığım qədər o, uşağın anası idi. Uşaq “işini bitirdikdən sonra” isə salfeti elə ayağının altına atdı.
Düşündüm ki, qadınlardan biri zibili yerdən götürər və uşağa etdiyi hərəkətin yanlış olduğunu anladar. Amma qadınlardan heç biri özünə əziyyət vermədi.
Uşağın gözlərinə diqqətlə baxdım ki, bəlkə məni anlayar və atdığı zibili yerdən götürər. Elə də oldu, uşaq mənim qınayıcı baxışlarıma dözməyib çirkli salfeti anasına uzatdı.
Qadın uşağın əlindən o salfeti cəld alıb yenidən avtobusun salonuna atdı və uşağa çəmkirdi:
– Sənə demişəm ki, bu zir-zibili mənə vermə, at yerə!
Təbii ki, mən buna dözə bilmədim və qayıdıb qadına dedim ki, “avtobusu çirkləndirirsiniz, bu, mədəniyyətsizlikdir! O isə cavabında “narahat olma, xanım qız, mədəniyyəti səndən öyrənəsi deyilik” – dedi.
Anasının bu hərəkətindən çox utanan uşaq avtobusdan düşənədək mənim baxışlarımdan yayınmağa çalışırdı. Hiss edirdim ki, uşaq bu hərəkətin qarşısında xəcalət çəkir, amma anasının qorxusundan səhvini etiraf edə bilmirdi...
Leyla HADİ,
tələbə-jurnalist