Azərbaycan dilinin öz şriftləri olmalıdır

post-img

İlham RƏHİMLİ
İ[email protected]

Keçən əsrin sonlarında Azərbaycan latın qrafikasına keçdi. Keçdi, lakin ilk illərdən yığma şriftlərdən ibarət “Azərbaycn hərfləri”­ni yaratdı və bunun qüsurlu tərəfləri günümüzə qədər davam etməkdədir. İlk illər yığma şriftlərə əsaslanmağa ehtiyac vardı, çünki ölkəmizin kompüter bazası yox idi. Təəssüf ki, indiyə qədər Azərbaycanın öz milli şriftləri yaranmayıb. Halbuki, Azərbaycanda istedadlı rəssamların və peşəkar kompüter proqramçılarının işbir­liyi ilə bunu etmək mümkün idi. Həmin işə vaxtında başlansaydı, bəlkə də, bu gün Azərbaycan dilinin 100-ə yaxın bir-birindən fərqli naxışlarla, qrafik incəliklə işlənmiş şriftləri olardı.

Bu gün istifadə etdiyimiz seç­mə şriftlərin çapında müəyyən qü­surlar, bəlkə də “pintiliklər”, zövq­süzlüklər nəzərə çarpır. Fikrimi çatdırmaq üçün əsasən daha çox işlənən “Times New Roman”da olan qüsurları nəzərə çatdırmağa çalışacağam (yeri gəmişkən, bəzi şriftlərdə ə, ö, ü... hərfləri digərlə­rindən fərqli ölçülərdədir). “A” hər­finin sol və ara xətləri, “B” hərfinin yuxarı, orta və aşağı xətləri, “Ə” hərfinin orta xətti, “F” hərfinin orta üfiqi xətti, “K” hərfinin yuxarı maili xətti, “L” hərfinin alt üfiqi xətti, “M” hərfinin sol şaquli və sağ orta maili xətləri, “N” hərfinın sağ və sol xət­ləri, “Ş” hərfinin alt və üst qanadı, “Z” hərfnin alt və üst xətləri (bəzi şriftlərdə orta xətti), “O” hərfinin yuxarı və alt qövsü, “U” və “Ü” hərflərinin sağ və alt üfiqi xətləri, “Y” hərfini sağ maili xətti nazikdir. Ümumiyyətlə, şriftlərin qalınlığına xüsusi diqqət yetirilməlidir. Kiçik “l” hərfi “1” rəqəmi ilə eynidir və s. və i. a.. 

Belə fərqli qalınlıqlar əsasən bəzək şriftləri üçün xarakterikdir.

“Times New Roman” şriftlərinin əksər kompüterlərdəki yazılışların­da qüsurlar var.

1. Ara məsafəsi olmayan və bir-birinə bitişən şriftlər: “r”-dan sonra “n” hərfi birləşib “m” kimi oxunur; “o”-dan sonra “l” birləşib “d” kimi oxunur; “f”-dan sonra “i”-nin nöqtəsi itir; “f”-dan sonra “l”, “c”-dan sonra “t”, “ə”-dən sonra “r”, “ç”-dan sonra “i” və “ı”, “ə”-dən sonra “r” və “c” , “e”-dən sonra “x”, “c” və “ç”, “r”-dan sonra “x” əksər proqramlarda bitişik görünür. Ümu­miyyətlə “f”dan sonra gələn əksər hərflər onun “xortumuna” birləşir, ara məsafəsi qalmır və hərf eybə­cər vəziyyətə düşür.

2. Ara məsafəsi fərqli (çox) olan şriftlər: “d”-dan sonra “ı” və “s”, “n”dan sonra “e” və “i”, “m”-dan sonra, “s”, “ə”, “e”, “a”-dan sonra “l”, “s” və “ş”, “h”-dan sonra “ə” və “e”, l-dan sonra “e” və “ə”, “m”-dən sonra “l”, “x”-dan sonra “e”, “q”-dan sonra “d”, “c”-dan sonra “t”, “ç”-dan sonra “i” və “ı”, “n”-dan sonra “ı” və “a” fərqli ara məsafələrindədir. Ümumiyyətlə, “ə” hərfi özündən əvvəlki bir sıra şriftlərdən aralıdır.

3. Aşağı sətrə “daxil olan”, ordakı şriftlərə bitişən böyük hərflər: “Q”, “Ş”, “Ç”. 

4. Nöqtələri və tacı yuxarı sətrə “mane” olan, onlara bitişən böyük hərflər: Ğ, “Ö”, “Ü”, “İ”.

Qeyd. Kompüterlərin baza­sında olan incə, naxışlı şriftlərdən istifadə edəndə “e” hərfi başıaşağı çevirilərək “ə” kimi təqdim olunur. Nəticədə, ümumi bəzək zərifliyinin harmoniyası pozulur. Ümumiyyət­lə, ondan çox (əsasən arial tipli şriftlərdə “ə” hərfi qurama olduğu­na görə digər hərflərdən ya böyük, ya da kiçik ölçülü görünür.

Qeydlərimin sonunda bir daha nəzərə çatdırıram ki, Azərbaycan dilində çox lətafətli, zərif, müxtəlif psixoloji ovqatlara uyğun, gözlə oxunması yoruculuq verməyən şriftlər yaratmağa, fikrimcə, ciddi ehtiyac duyulur. Ehtiyac olduğu qədər də bu işi yüksək zövqlə reallaşdıra biləcək vətənpərvər sənətkarlarımız var.

Güman edirəm ki, qeydlərim Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər əlaqədar qurumların diqqətini cəlb edəcək.

Sosial həyat