Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin Riad Əhmədovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dəfn mərasimində Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, dövlət qurumlarının nümayəndələri, tanınmış ziyalılar və müharibə veteranları iştirak ediblər.
Qeyd edək ki, bu gün səhər saatlarında Milli Qəhrəmanla vida mərasimi keçirilib.
Xatırladaq ki, Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşüb. Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və bir sıra digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.