“Vətənin varlığını məğrur oğullar yaradır”

post-img

Dünən Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 27 sentyabr – “Anım günü” ilə bağlı tədbir keçirildi. Tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq bildirdi ki, Azərbaycan təqvimində bu gün şəhidlərimizin Anım Günüdür. Respublikamızın dörd bir yanında İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi yad edilir.  
R.Hüseynov bildirdi ki, bu günlərdə mən rayonların birində 10 şəhid ailəsi ilə görüşdüm. Onların bəziləri Birinci Qarabağ müharibəsinin, bəziləri İkinci Qarabağ müharibəsinin, bəziləri isə lap bu yaxınlarda antiterror əməliyyatı zamanı şəhid olan igidlərimizin ailə üzvüləri idi. Hamısı cavan övlad itkisi sarıdan nə qədər kədərli, hüzünlü olsalar da, Vətən yolunda şəhadətə ucalan övladları ilə fəxr etdiklərini, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində iştirak etdiklərinə görə qəhrəman oğulları ilə qürur duyduqlarını söyləyirdilər.
Natiq diqqətə çatdırdı ki, zaman-zaman ermənilər onların arxasında dayanan qüvvələrə güvənib Azərbaycan torpaqlarını işğal etməyə cəhd göstərib, azərbaycanlıları öz dədə-baba yurdundan deportasiya etməyə nail olublar. Ermənilər 1905-1907-ci illərdə, 1918-ci ilin martında Bakıda, respublikamızın müxtəlif rayonlarında, hətta Cənubi Azərbaycanda azərbaycanlılara qarşı soyqırımları həyata keçiriblər. 
1920-1930-cu illərdə isə SSRİ-nin təhlükəsizlik  və digər güc strukturlarında çalışan ermənilər repressiya illərində yüzlərlə azərbaycanlının məhvinə nail oldular. 
1941–1945-ci illər Böyük Vətən müharibəsindən sonra bir qədər yumşalma yaransa da bu uzun sürmür. 1948–1953-cü illərdə yenidən Ermənistanda yaşayan on minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından qovuldu. Onların əksəriyyəti Azərbaycanın aran rayonlarına yerləşdirildilər. Düşdükləri isti hava şəraiti, ata ocağının xiffətinə dözməyən köçkünlərin çoxu tezliklə dünyasını dəyişdi.
1988-ci ildən azərbaycanlıların soyqırımının növbəti dalğasəı başladı və beləliklə Birinci Qarabağ müharibəsi nəticəsində ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində, ümumilikdə bir milyon iki yüz mindən artıq insan qaçqın və məcburi köçkünə çevrildi.
2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi ermənilərin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Bu Zəfər savaşında minlərlə əsgər və zabitimiz qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Xalqımız həmişə öz qəhrəman oğulları ilə fəxr edir.
Müzeyin direktor müavini filologiya elmləri doktoru, professor Xatirə Bəşirli İkinci Qarabağ müharibəsinin zəruri edən səbbələrdən danışdı. 
Muzeyin Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri filologiya elmləri doktoru Şəfəq Əlibəyli çıxışımnda İkinci Qarabağ müharibəsinidə şəhidlik zirvəsinə ucalan Arəstə Baxışovanın qəhrəmanlıq yolundan bəhs etdi.
Digər çıxış edənlər Muzeyin Xurşudbanu Natavan adına Qarabağ filialının əməkdaşı Rəhman Baxşəliyev və muzeyin Xaqani Şirvani adına Aran filialının müdiri Yaqut Bahadurqızı bildirdilər ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi həmişə yaşayacaq.
Sonda Rafael Hüseynovun İkinci Qarabağ müharibəsinin şəhidlərinə həsr etdiyi “Qarabağ şəhidlərinə” şeiri səsləndirildi.


QARABAĞ ŞƏHİDLƏRİNƏ

Getdiyin yol əbədi, dönməyəcəksən geri sən,
Nə qədər var bu Vətən, ölməyəcəksən, dirisən.
Millətin qeyrətisən, qibləsisən, and yerisən,
Ey şəhid qardaşımız, sən dilimin əzbərisən.

Düşmənin gözlərinə dik baxaraq dönməzsən,
Hansı tufanları sən əzmin ilə yenməzsən?!
Bir çıraqsan, əsə yüz yel, daha sən sönməzsən,
Elə bir zirvəyə qalxdın, oradan enməzsən.

Halalındır Vətənin haqqı-sayı, duz-çörəyi,
Yüksələr bayrağımız varsa sənintək dirəyi.
Söykənər ərlərə bir dağ kimi yurdun kürəyi,
Döyünər sən kimi mərdlərlə bu xalqın ürəyi.

Halal et sən bizə öz nurunu, öz şəfqətini,
Gözləri yolda qalan sevgilinin həsrətini.
Halal et sən ananın bitməyəcək möhnətini,
Yerişin görmədiyin övladının xiffətini.

Ey şəhid qardaşımız, sən ki deyilsən çox uzaq,
O müqəddəs ucadan sevgi ilə yurduna bax.
Bu ocaqlar ki yanır yurd boyu, daim yanacaq,
Sən qığılcımdan od almış alışan hər bir ocaq.

Köksünü sən elədin yurduna qalxan, şəhidim,
Xalqımın tacı da sən, səndə şərəf-şan, şəhidim. 
Sən Vətən dərsliyinin baş sözüsən, can şəhidim!
Sən elin qurbanı! Millət sənə qurban, şəhidim!

Vətənin varlığını məğrur oğullar yaradır,
Qara torpaq – uyusa orda şəhid, – zərxaradır.
Harda varsa o məzar, Yerdəki cənnət oradır
Təzim et, öp o məzarı, de ki, Məkkəm buradır.

Ölümü məğlub edən əsgərimiz, sən ibrət!
O mübarək adını qəlbinə yazmış millət,
Bu şəhid rütbəni göylərdə veribdir Qüdrət.
Məqbərin saçmada yurddaşlarına qüdsiyyət.

Elə paksan, adını heç unudarmı bu Vətən?
Sən Vətən ordusunun ən əbədi əsgərisən.
Hər yeni əsgər oğulla qayıdarsan təzədən,
Gül açar düzdə-yamacda, doğularsan yenə sən.

Nurunu səndən alar bayrağa qonmuş bu hilal,
Qoşulub bayrağımın ulduzuna parla, ucal.
Sənə alqış deyəcək millətimiz, istiqbal. 
Yaşayarsan yaşadıqca Vətənim, istiqlal!

                                                                 8 noyabr, 2020

Tədbirdə Qarabağ müharibəsi qəhrəmanlarına həsr edilən videoçarx nümayiş etdirildi.







Sosial həyat