“Vətən sizə oğul dedi!”

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi ilə birgə Vətən müharibəsinin başlanmasının 3-cü ildönümünə həsr olunmuş “Vətən sizə oğul dedi!” adlı anım mərasimi keçirilib.

Mərasimdə şəhid ailələri, I və II Vətən müharibəsi qaziləri, əsgər və zabitlərimiz, bir sıra idarə və təşkilatların nümayəndələri iştirak ediblər.  

Muzeyin rəisi Əzizağa Qənizadə hərbçilərimizin şücaəti, canı, qanı bahasına 44 günlük savaşda qazanılan tarixi Zəfər hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətli olduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsində böyük qələbə heç də asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Azərbaycanın cəsur oğullarının şücaəti və fədakarlığı ilə düşmənin bütün sədləri darmadağın edildi, Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı: “Azərbaycan Ordusu Ermənistanın ordusunu məhv edərək, kapitulyasiya aktına imza atmağa məcbur etdi, tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı”.

Şəhid Samir Xudiyevin atası Səməd Xudiyev, şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə xanım İbrahimova, II Qarabağ savaşının canlı şahidi - qazi Sənan Zeynalovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilib. 

Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiramla  yad edəcək, şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır. 

Şəhid adını qazanmış Azərbaycanın igid övladları xalqımızın qəhrəmanlıq tarixində əbədiyyətə qovuşub. İllər keçsə belə, onların Vətəninə, xalqına, millətinə olan sevgisi hər birimiz üçün örnək olacaq.

Leyla QURBANOVA

XQ







Sosial həyat