Başlanğıcını 1994-cü il sentyabrıpn 20-də ümummilli lider Heydər Əliyevin dərin zəkası və möhkəm iradəsi nəticəsində imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüş Neftçilər Günündə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərin, mediada yayılan bir sıra yazıların əsas mövzusu Ulu öndərin milli neft strategiyasının müstəqillik illərində əldə edilən tarixi nailiyyətlər üçün yaratdığı baza təminatlar oldu.
Söylənən mülahizələrdə “Əsrin müqaviləsi”nin bağlanması və uğurla gerçəkləşdirilməsi Heydər Əliyev zəkasının və iradəsinin təntənəsi kimi dəyərləndirilir.
Dünən Fövqəladə Hallar Nazirliyində keçirilən “Əsrin müqaviləsi – Azərbaycanın strateji inkişaf konsepsiyasının təməlidir” mövzusunda konfransda da Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurları diqqət mərkəzində olub.
FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində təşkil edilən konfransda nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının, “Azneft” İstehsalat Birliyinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının nümayəndələrinin iştirak etdikləri toplantıda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov əsası Ümummilli lider tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyasının ölkəmizə qazandırdığı uğurlardan, “Əsrin müqaviləsi”nin sosial-iqtisadi həyatımızdakı əhəmiyyətindən danışıb.
FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini, baş mühəndis Rövşən Qarayev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev tərəfindən imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, ölkəmizin siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış uğurlardansöz açıblar.
***
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndərin uğurlu neft strategiyası” mövzusunda konfrans keçirilib.
ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov bu strategiyanın Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkənin əldə etdiyi tarixi uğurlarda “Əsrin müqaviləsi”nin yaratdığı təminatlardan danışıb. Çıxış edənlər Ulu öndərin neft strategiyasının ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, ilk növbədə, neft sənayesinin davamlı inkişafında xüsusi rol oynadığını bildiriblər.
***
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda toplantı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Heydər Əliyevinmilli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyulub. Sonrakı illərdə yeni müqavilələrin imzalanması ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artmasına töhfə verib. Ötən illər ərzində neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın dinamik inkişafını təmin edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev Ümummilli liderin ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətlərindən danışıb, müasir tariximizin otuz ildən artıq bir dövrünün dahi şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb.
***
Dünən Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfransda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.
YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva və rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov “Əsrin müqaviləsi”nin Azərbaycanın uzunmüddətli strateji maraqlarının, siyasi, iqtisadi mənafelərinin təmin edilməsinə, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdiyini qeyd ediblər.
Hazırladı:
T.RÜSTƏMLİ
XQ