Mina terroru qurbanları

post-img

Qanunsuz erməni hərbi dəstələrinin törətdiyi mina terroru nəticəsində həlak olan soydaşlarımız torpağa tapşırılıb

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ torpaqlarında lokal xarakterli antiterror tədbirlərinə başlamasında son qığılcım rolu oynayan mina terroru nəticəsində həlak olaraq şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyi əməkdaşlarının, eləcə də 2 nəfər mülki şəxsin dəfn mərasimləri keçirilib. 

Xatırladaq ki, sentyabrın 19-da saat 04 radələrində “Azəravtoyol” ASC-yə məxsus bir nəqliyyat vasitəsi Rusiya sülhməram­lı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcud olan er­məni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu əra­zisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 mülki şəxs – Fərhad Quliyev və Samir Sadıxov hadisə yerində həlak olublar.

Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Na­zirliyinin 4 əməkdaşı Xocavənd rayonu­nun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək hə­lak olub. Bunlar Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov və Xəzər Za­manov, eləcə də həmin hadisədən əvvəl Füzuli rayonunda baş verən ağır yol-nəq­liyyat hadisəsi nəticəsində həyatlarını itirən DİN-in daha 3 əməkdaşı – Elşən Həsənov, Seyfi Abdullayev, Ələsgər Əs­gərovdur. 

Şəhidlərin dəfn mərasimləri izdihamlıkeçib. Onların üçrəngli bayrağımıza bükülmüş cənazələri polis əməkdaşlarının müşayiəti ilə doğma ata yurdunda təşkil olunan mərasim yerinə gətirilib. Dövlət və hökumət nümayəndələri, Daxili İşlər Na­zirliyinin əməkdaşları, geniş ictimaiyyət, şəhidlərin ailə üzvləri və yaxınları dəfn mərasimlərində iştirak ediblər. 

Ramil Şirinov və Asim Camalzadə Sumqayıtdakı Şəhidlər xiyabanında, Sey­mur Mahmudov Bakının Binəqədi , Xəzər Zamanov Yeni Günəşli, Seyfi Abdullayev Şamaxının Qəleybuğurd kənd məzarlığın­da və Rasim Məmmədov Xəzər rayonu, Şüvəlan kənd qəbiristanlığında, cənazəsi Naxçıvana aparılan Ələsgər Əsgərov isə oradakı Əliabad qəbiristanlığında torpağa tapşırılıblar. 

Dəfn öncəsi keçirilən vida mərasimlə­rində bölgədə sülhün və təhlükəsizliyin tə­min edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribat­ları və törətdiyi qanlı terror aktları qətiyyət­lə pislənilib və onların qarşısının alınması birmənalı olaraq tələb edilib. Şəhidlərin ru­huna dualar oxunub, qəbirlərinə tər güllər düzülüb.

Sentyabrın 20-də axşam Azərbay­can Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək suverenliyimizin bərpa olunduğu­nu söyləyib: “Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolun­da öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşaya­caqdır”. 

Dövlətimizin başçısı şəhidlərin qanının yerdə qalmadığını və qanunsuz erməni silahlı dəstələrinin böyük hissəsinin tama­milə məhv edildiyini, hərbi texnikasının vu­rularaq sıradan çıxarıldığını bildirib. 

Qeyd edək ki, məlum üçtərəfli Bəyanat imzalanan vaxtdan – 10 noyabr 2020-ci il­dən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır. Əlbəttə, havadarlarının “qı­zışdırdığı” ermənilərin törətdiyi terror akt­ları nəticəsində, özü də XXI əsrdə Azər­baycan xalqının öz doğma torpağında mina qurbanları verməsi dözülməz haldır. Elə məhz bu amil ordumuzu böyük qətiy­yətlə lokal xarakterli antiterror əməliyyatı keçirməyə vadar etdi və bu da qanunsuz separatçı hərbçilərinin rus sülhməramlıları vasitəsilə təslim olaraq silahı yerə qoyma­sı ilə nəticələndi. 

Həlak olanların ailələrinə və yaxınla­rına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin!

Əli NƏCƏFXANLI
XQ





Son xəbərlər