Xanlar Vəliyev: Aşkarlanmış kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları tapılıb

post-img

Ötən dövrdə axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb. O cümlədən Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28 şəxs, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi 9, Şuşa şəhərində keçmiş həbsxananın ərazisində 31, ümumilikdə isə 107 şəxsə aid meyit qalıqları aşkar olunub.

Bunu hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri" mövzusunda panel iclasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri zamanı bu günədək Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır. "Bununla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın şəhər və rayonlarının ərazisində yerləşən qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarında aparılmış ekshumasiya nəticəsində 183 şəxsə aid meyit qalıqları aşkar edilib. Onu da xüsusi vurğulamaq lazımdır ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 nəfərdən yalnız 120 şəxsin meyit qalıqları Ermənistan tərəfindən bizə verilib. Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülmüş və həmin nümunələrdən çıxarılan genetik profillər aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsubluğu, ölümün səbəbi və s. sualların aydınlaşdırılması üçün Hərbi Prokurorluq tərəfindən 349 məhkəmə-tibbi kriminalistik ekspertizası, 305 məhkəmə molekulyar genetik ekspertizası təyin olunmuşdur", - deyə hərbi prokuror qeyd edib.

Sosial həyat