Bu konfrans ərəfəsində biz 9 hərbçi, bir nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq.
Bu sözləri "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
"Onların sırasından bizim əməkdaşımız olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun barəsində sizə ətraflı məlumat vermək istəyirəm. O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.
Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir. Otuz il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik", - deyə Ə.Nağıyev qeyd edib.