Şəmkirdə açıq rayon birinciliyi böyük marağa səbəb oldu

post-img

         Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Şəmkir rayon birinciliyi keçirilib. 

Rayonun Olimpiya İdman Kompleksində baş tutmuş uşaq və yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə  Şəmkir açıq rayon birinciliyi yarışında rayon idmançıları ilə yanaşı, Bakı şəhərinin “Roil”, Neftçi”, “Məhsul” idman klublarının yetirmələri, Gəncə, Göyçay, Sabirabad, Kürdəmir, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Goranboy və Şuşa UGİM komandalarından ümumilikdə 287 nəfər idmançı iştirak edib.

         Açıq rayon birinciliyində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

         Yarışın rəsmi hissəsində çıxış edənlər Ümummilli Liderin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar. 

         Bildirilib ki, Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayır, hər zaman respublikamızın idman imicinin yüksəlməsinə çalışır.

         Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək nəticələr əldə edən idmançılar diplom və medallarla təltif edilib.

 

                   Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 













Sosial həyat